Naxçıvanda açıq hava idman qurğularının sayı artırılır

Naxçıvanda açıq hava idman qurğularının sayı artırılır

25 İyun 2025

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində regionda idman infrastrukturu genişləndirilir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Emil Səmədov məlumat verib.

Onun sözlərinə görə, proqramın məqsədləri sırasında əhalinin idman xidmətlərinə çıxışını yaxşılaşdırmaq, sağlam həyat tərzini təşviq etmək və gənclərin asudə vaxtının səmərəli təşkili xüsusi yer tutur.

“Artıq ötən ilin sonlarında Naxçıvan şəhərinin müxtəlif ərazilərində 8 yerdə sadə tipli açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib. Hazırda isə Dövlət Proqramının 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planına uyğun olaraq, bu ilin sonunadək daha 11 yerdə bu tip idman qurğularının quraşdırılması nəzərdə tutulub". – deyə Emil Səmədov bildirib.

Yeni qurğular Şərur və Ordubad şəhərlərinin hər birində 2, Babək, Culfa və Şahbuz şəhərlərinin hər birində 1, Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq, Babək rayonunun Cəhri və Nehrəm qəsəbələrinin hər birində 1 yerdə inşa ediləcək. Artıq yerli icra hakimiyyətləri ilə razılaşma əsasında ərazilər müəyyənləşdirilib, layihələndirmə və ilkin qiymətləndirmə işləri tamamlanıb, dövlət satınalması proseduruna start verilib.

İnşaat işlərinə iyul ayının sonlarında başlanılması planlaşdırılır.

“Əsas məqsədlərimizdən biri də bütün bölgələrdə bərabər idman imkanlarının yaradılmasıdır. Dövlətimizin birbaşa həyata keçirdiyi bu layihələr muxtar respublikanın idman mühitinə əlavə dəyər qatacaq, bədən tərbiyəsi və idmanın inkişafına təkan verəcək, əhalinin sağlam həyat tərzinə sövq edilməsinə və gənclərin fiziki hazırlığının yüksəlməsinə mühüm töhfə olacaqdır". – deyə Emil Səmədov qeyd edib.

Mətin Kamal