
Naxçıvanda “Azərbaycan Kinosu Günü” qeyd olunub - FOTO
Avqustun 1-də Naxçıvan şəhərinin Saat Meydanında “2 Avqust – Azərbaycan Kinosu Günü” münasibətilə tədbir keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov qeyd edib ki, ulu öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən, hər il 2 avqust ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur. Direktor vurğulayıb ki, bu il 127-ci ildönümünü qeyd edən Azərbaycan kinosu zəngin tarixə və dəyərli irsə malikdir. O, bildirib ki, 1898-ci ildən — ilk qısametrajlı sənədli çəkilişdən başlayaraq, Azərbaycan kino sənəti özünəməxsus inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm yer tutub.
Tədbirin sonunda rejissor Qulu Əsgərovun 2023-cü ildə ekranlaşdırdığı “Mən burdayam, İlahi” bədii filmi nümayiş olunub. Vətən müharibəsi mövzusunda çəkilmiş filmdə, müharibədə yaralanaraq üç aylıq komadan ayılan bir qazinin həyat hekayəsindən bəhs olunur. O, anasının vəfat etdiyini və qızının internata verildiyini öyrənir. Bundan sonra övladını geri almaq və həyatını yenidən qurmaq üçün mübarizəyə başlayır. Filmdə daha çox döyüş səhnələrindən deyil, müharibənin insan psixologiyasında buraxdığı izlərdən və müharibədən sonra yaşamaq uğrunda aparılan mənəvi mübarizədən bəhs olunur.
Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru Vasif Vəlizadə, bəstəkarı isə Rasim Məmmədovdur. Əsas rolları Rasim Cəfərov, Günay Həsən, Aygün Əlipənahova, Leyli Vəliyeva, Ayşad Məmmədov, Nəsibə Eldarova, Günəş Bağırov və Oktay Mehdiyev canlandırıblar.