Naxçıvanda fauna növlərinin reintroduksiya proqramı həyata keçirilib

Naxçıvanda fauna növlərinin reintroduksiya proqramı həyata keçirilib

17 Mart 2025

Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunması və fauna növlərinin tarixi areallarına qaytarılması məqsədilə reintroduksiya proqramı icra olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev bildirib.

O qeyd edib ki, proqram çərçivəsində balıq bioresurslarının artırılması məqsədilə 250 min ədəd sazan balığının körpələri Heydər Əliyev və Uzunoba su anbarlarına buraxılıb. Eyni zamanda, vəhşi fauna növlərinin təbiətə qaytarılması istiqamətində 40 kəklik və 15 turac təbii mühitə buraxılıb.

Bundan başqa, muxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərindən 4 ədəd bezoar dağ keçisi xüsusi hazırlanmış qəfəslərə yerləşdirilərək populyasiyalarının bərpası və ölkə təbiətinə reintroduksiya olunması məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.

Reintroduksiya proqramı Naxçıvan Muxtar Respublikasında ekosistemin bərpasına və biomüxtəlifliyin mühafizəsinə mühüm töhfə vermək məqsədi daşıyır.