Naxçıvanda gənclərə fövqəladə hallarda davranış qaydaları öyrədilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə “Gənclər üçün fövqəladə hallarda davranış təlimi” adlı tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbir çərçivəsində iştirakçılar FHN-in Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidmətində xilasedicilərin istifadə etdiyi xüsusi təyinatlı texnika və avadanlıqlarla tanış olublar. Gənclərə hər bir avadanlığın hansı hallarda və necə istifadə olunduğu barədə məlumat verilib, bu texnologiyaların insan həyatının xilas edilməsində oynadığı mühüm rol praktiki nümunələrlə izah olunub. Təhlükəsizlik qaydalarına riayət edilməklə texnikalara baxış da keçirilib.
Tədbir müddətində gənclər alpinist, mühəndis və kimya şəhərciklərində xilasedicilərin, eləcə də kinoloqların fəaliyyətini izləyiblər. Müxtəlif fövqəladə vəziyyətlər zamanı düzgün davranış qaydaları onlara ətraflı şəkildə izah edilib. Gənclərə zəlzələ, yanğın, sel və digər təbii və texnogen hadisələr zamanı təhlükəsizlik tədbirləri barədə məlumat verilib, ilkin tibbi yardımın göstərilməsi və təxliyə qaydaları praktik olaraq nümayiş etdirilib. Eyni zamanda fövqəladə halların qarşısının alınması üçün profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirin əsas məqsədi gənclərin fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq, onlarda düzgün və operativ davranış vərdişləri formalaşdırmaq, təhlükəsizlik mədəniyyətini inkişaf etdirmək və mümkün risklərin qarşısının alınmasına töhfə verməkdən ibarət olub.














