Naxçıvanda idmanla məşğul olan qız və qadınların sayı 6000 nəfərə yaxındır
Naxçıvan Muxtar Respublikasında qadın idmanının inkişafı xüsusi diqqət çəkir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin illik hesabatında qeyd olunub ki, hazırda muxtar respublikada idmanla məşğul olan qız və qadınların sayı 5865 nəfərə çatıb. Onların müxtəlif idman növlərində təmsilçiliyi və əldə etdikləri uğurlar əhəmiyyətli dərəcədə artıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, voleybol, futbol, atletika, bədii gimnastika, şahmat, cüdo, boks, qarışıq döyüş idman növləri, karate və kikboksinq də daxil olmaqla, muxtar respublikada fəaliyyətdə olan demək olar ki, bütün idman növlərində qızların fəal iştirakı müşahidə olunur. Qadın idmançıların uğur göstəriciləri isə ildən-ilə yüksəlir.
Xüsusilə 16 yaşadək qızlardan ibarət “Möminə Xatun” komandasının Azərbaycan çempionu olması Naxçıvan idman tarixində əlamətdar hadisə kimi dəyərləndirilir. Bu nailiyyət Naxçıvanda qadın voleybolu üzrə indiyədək əldə olunmuş ilk və ən yüksək nəticədir.
Bədii gimnastika və “Gimnastika hamı üçün” idman növlərində “Naxçıvan” komandasının uğurlu çıxışları fonunda “Şərur” komandasının da irəliləməsi həm birgə nailiyyətlər, həm də sağlam rəqabət baxımından müsbət qiymətləndirilir.
Cüdo üzrə idmançı Ləman Bağırova Bakı Avropa Cüdo Ümidləri Turnirində birinci yerə layiq görülərək Naxçıvandan beynəlxalq turnirin qalibi olan ilk qadın cüdoçu kimi tarixə düşüb. Onun növbəti Azərbaycan birinciliyində əldə etdiyi nəticə gələcək uğurlar üçün yüksək gözləntilər yaradır.
Bununla yanaşı, kikboksçu Aminə Novruzzadə, şahmatçı Xatun Nəcəfova, karateçilər Fatimə Bağırzadə, Güllər Hüseynova, Xədicə Bayramova, gimnastlar Humay Qafarova, Təranə Əlizadə, Nilufər Kərimli və digər idmançıların nailiyyətləri Naxçıvanda qadın idmanının inkişafına ciddi stimul verir.
Qeyd olunan faktlar Naxçıvan Muxtar Respublikasında qadın idmanının sistemli şəkildə inkişaf etdiyini və gələcəkdə daha böyük uğurların əldə olunacağını göstərir.








