Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Oktyabrın 1-nə olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hesabat dövründə muxtar respublikada 46 169,1 ton dənli və dənli paxlalılar, 380,2 ton dən üçün qarğıdalı, 47,6 ton dən üçün günəbaxan, 49,8 ton tütün, 29 969,8 ton kartof, 5 645,4 ton bostan məhsulları, 30 147,6 ton meyvə və giləmeyvə, 7 092,9 ton üzüm yığılmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli paxlalıların istehsalı 21,6 faiz, dən üçün qarğıdalı istehsalı 5,6 faiz, dən üçün günəbaxan istehsalı 9,7 faiz, kartof istehsalı 42,0 faiz, bostan məhsullarının istehsalı 40,8 faiz, meyvə və giləmeyvə istehsalı 3,3 faiz, üzüm istehsalı isə 2,3 faiz artıb. Tütün istehsalı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə yüksəlib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında bitkiçilik məhsullarının istehsalı 182 682,1 min manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz çoxdur.








