"Elektron kənd təsərrüfatı" sistemində 350 min fermer üçün imkan yaradılıb

"Elektron kənd təsərrüfatı" sistemində 350 min fermer üçün imkan yaradılıb

15 Oktyabr 2026

"Elektron kənd təsərrüfatı" sistemində 350 min aktiv fermer üçün imkanlar yaradılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti barədə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əslində, fermerlərin hər biri sistemin iştirakçısı hesab olunur: "Hazırkı hədəf elektron sistemdə qeydiyyatda olan bütün fermerləri əhatə etməkdir. İndiyədək sistemə inteqrasiya olunmuş imkanlar 350 min aktiv fermerin hamısı üçün formalaşdırılıb. Onlar öz şəxsi kabinetlərinə daxil olaraq bitki sağlamlığı və digər zəruri məsələlərlə bağlı informasiyaları izləyə bilərlər. Yalnız koordinat göstəricilərində və ya məkan məlumatlarında əskiklik olan fermerlərin məlumatlarında müəyyən fərqliliklər ola bilər, digər hallarda bütün məlumatlar fermerlər üçün tam əlçatandır".

İ.Qədimova qeyd edib ki, cari ildə "Elektron kənd təsərrüfatı" informasiya sistemində 1 milyon 300 min hektar əkin sahəsi qeydiyyata alınıb: "Bu 1,3 milyon hektar ərazi hər il fermerlər tərəfindən yeni bitkilərin əkilməsi ilə bağlı bəyan edilən və cari ildə əhatə olunan bitkiçilik sahəsidir. Rəqəmlər təkcə ölkə üzrə deyil, həmçinin hər bir rayon və hətta kəndlər üzrə də ayrı-ayrılıqda mövcuddur".