Azərbaycan fermerləri suya ehtiyacı və hava şəraitini süni intellektlə öyrənə biləcək

Azərbaycan fermerləri suya ehtiyacı və hava şəraitini süni intellektlə öyrənə biləcək

15 Oktyabr 2026

Aqrar Süni İntellekt layihəsi fermerlərə hava şəraiti, suvarma ehtiyacları, bitki xəstəlikləri və kənd təsərrüfatı işlərinin optimal vaxtı barədə məlumatlar təqdim edən yeni funksionallıqlarını istifadəyə verir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov layihənin icra vəziyyətinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fermerlər sistemin imkanlarından həm veb-platforma, həm də bildirişlər vasitəsilə yararlana bilirlər.

S. Novruzov qeyd edib ki, fermerlər hava şəraiti və kənd təsərrüfatı işlərinin aparılması üçün əlverişli şərtlərlə bağlı əvvəlcədən bildirişlər alırlar. Layihənin əsas yeniliklərindən biri isə fermerlərin əksəriyyətinin istifadə etdiyi "Telegram" platforması üzərindən fəaliyyət göstərən moduldur.

"Fermer bu modula daxil olaraq mürəkkəb qeydiyyat prosedurlarından keçmədən adını, soyadını və telefon nömrəsini qeyd etməklə sistemdə qeydiyyatdan keçə bilər. Daha sonra, hətta elektron kənd təsərrüfatı informasiya sistemində torpaq sahəsi barədə bəyanı olmasa belə, ərazisini asanlıqla seçə bilər. Ərazi seçildikdən sonra sistem həmin nöqtəyə ən yaxın iqlim stansiyalarından, hava proqnozu məntəqələrindən, eləcə də peyk görüntülərindən, dronlardan və digər mənbələrdən əldə olunan məlumatları avtomatik toplayır", – deyə layihə rəhbəri bildirib.

S.Novruzovun sözlərinə görə, sistemin əsas funksiyalarından biri suvarma ehtiyaclarının müəyyənləşdirilməsidir.

"Fermer hər gün bildiriş alaraq tarlasının suvarılmasına nə qədər su lazım olduğunu və yetişdirdiyi bitkinin su tələbatını görə bilir. Həmçinin həmin gün dərmanlama, yarpaqdan gübrələmə və ya traktorla səpin işləri aparılacaqsa, bu işlər üçün hava şəraitinin uyğunluğunu və zəruri şərtləri öyrənə bilər. Eyni zamanda, sistemdə bitki xəstəlikləri barədə ətraflı məlumatlar da təqdim olunur", – deyə o əlavə edib.