Naxçıvanda yeni tədris ilində 15 yeni icma əsaslı məktəbəqədər qrup yaradılıb
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ilində muxtar respublikanın 13 məktəbində 15 yeni icma əsaslı məktəbəqədər qrup yaradılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni qruplarda 250-dən çox uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur. Qruplardan 3-ü Naxçıvan şəhərində, 1-i Şərur, 4-ü Babək, 4-ü Culfa, 1-i Ordubad, 2-si isə Kəngərli rayonunda fəaliyyət göstərir.
Qeyd edək ki, ötən tədris ilindən 12 məktəbdə 25 icma əsaslı məktəbəqədər qrupa fəaliyyət göstərərir. Oktyabrın 1-dən məşğələlərə başlanılması ilə ümumilikdə 40 qrupda 600-ə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması təmin edilib.
Elm və Təhsil Nazirliyinin layihəsi çərçivəsində yaradılan icma əsaslı məktəbəqədər qrupların əsas məqsədi uşaqların hərtərəfli inkişafını dəstəkləmək, məktəbəqədər təhsilin əlçatanlığını artırmaq, valideynlərin və yerli icmaların təhsil prosesində iştirakını gücləndirməkdir. Layihə, xüsusilə ucqar və dağ kəndlərində yaşayan uşaqların keyfiyyətli məktəbəqədər təhsil xidmətlərindən yararlanmasına imkan yaradır.








