“PeşəFest-2026” bu dəfə Şərurda təşkil olunub -

“PeşəFest-2026” bu dəfə Şərurda təşkil olunub - FOTO

15 Oktyabr 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsinin Naxçıvan Muxtar Respublikasında (MR) növbəti dayanacağı Şərur şəhəri olub. “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan MR-nin əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, millət vəkili Vüqar Rəhimzadə, Şərur Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Kamal Cəfərov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, həmçinin ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazir F.Bağırzadə çıxışında gənclərin gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsində peşəyönümü tədbirlərinin əhəmiyyətinə diqqət çəkib. O, əmək bazarının sürətlə dəyişən tələbləri şəraitində gənclərin müasir peşələr və yeni məşğulluq imkanları barədə məlumatlandırılması, onların maraq və qabiliyyətlərinə uyğun peşə seçiminə yönləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Bildirib ki, “PeşəFest” gənclərin müxtəlif peşə sahələri ilə yaxından tanış olmalarına, həmin sahələr üzrə tələb olunan bilik və bacarıqlar haqqında təsəvvür əldə etmələrinə, eləcə də öz potensiallarını daha düzgün qiymətləndirmələrinə şərait yaradır.

Deputat V.Rəhimzadə çıxışında bildirib ki, dövlətimizin gənclər siyasətinin təməlində intellektual, eyni zamanda peşəkar kadrların yetişdirilməsi və onların məşğulluğunun təminatı dayanır. O, “PeşəFest” layihəsinin də bu məqsədə xidmət etdiyini və gənclərimizin gələcək karyera yolunu müəyyənləşdirmək, eləcə də onlara müasir əmək bazarının tələblərini aşılamaq baxımından müstəsna əhəmiyyət daşıdığını deyib.

Şərur RİH başçısı K.Cəfərov qeyd edib ki, “PeşəFest” kimi təşəbbüslər gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə, peşə təhsilinə marağın artırılmasına və yerli əmək bazarının ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə töhfə verir. Rayonun iqtisadi potensialının inkişafında peşəkar kadr hazırlığının mühüm rol oynadığını bildirən icra başçısı gənclərin düzgün peşə seçiminin onların gələcək karyera imkanları üçün vacib olduğunu diqqətə çatdırıb.

Rektor E.İsayev isə deyib ki, müasir əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların yetişdirilməsi və peşə təhsilinin nüfuzunun artırılması vacib vəzifələrdən biridir. “PeşəFest”in bu baxımdan əhəmiyyətinə toxunan rektorun sözlərinə görə, bu festival gənclərə sadəcə peşə seçimi imkanı deyil, həm də öz potensiallarını kəşf edərək real iş dünyası ilə birbaşa təmas qurmaq şansı yaradır.

DMA sədri H.Abbasov çıxışında Naxçıvanda insan kapitalının inkişafı və gənclərin peşə potensialının üzə çıxarılması baxımından “PeşəFest” layihəsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, regionun iqtisadi və istehsal imkanları, eləcə də xidmət sahələrinin genişlənməsi müxtəlif peşələr üzrə yeni perspektivlər formalaşdırır. Sədr vurğulayıb ki, festival məktəblilərin peşələr haqqında praktiki təsəvvür əldə etmələrinə, peşənin mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmalarına və maraqlarına uyğun gələcək karyera yolunu müəyyənləşdirmələrinə dəstək olur.

Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.

Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.