Naxçıvanda kənd təsərrüfatı texnikalarının sərgisi keçirilib -

Naxçıvanda kənd təsərrüfatı texnikalarının sərgisi keçirilib - FOTO

18 Aprel 2026

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən fermerlərlə görüş təşkil olunub. Tədbir çərçivəsində 40-dan artıq kənd təsərrüfatı təyinatlı innovativ texnika və aqreqatın sərgisi nümayiş etdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sahibkarlarla keçirilən görüşdə mütəxəssislər tərəfindən kənd təsərrüfatı texnikalarına dair təqdimatlar keçirilib. Təqdimatlarda ərazinin relyefinə uyğun texniki vasitələrin düzgün seçilməsi və istifadəsinin vacibliyi vurğulanıb, istehsalçı şirkətlərin təklif etdiyi texnikaların əsas xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Tədbirin davamında iştirakçılar Naxçıvan Aqroservis ASC-nin texnika parkında təşkil olunan sərgi ilə tanış olublar.

Sərgi çərçivəsində kənd təsərrüfatı naziri Rafel Quliyev fermerlərlə görüşüb. Nazir bildirib ki, nümayiş olunan texnika və aqreqatlar müasir texnologiyalara əsaslanır və onların təyinatına uyğun istifadəsi məhsul istehsalının artmasına müsbət təsir göstərir.

Sərgidə texnikaların praktik istifadəsi də əyani şəkildə nümayiş etdirilib. Qeyd olunub ki, ümumilikdə 40 adda texnika və texnoloji avadanlıq təqdim olunub. Həmçinin “Naxçıvan Aqroservis” ASC tərəfindən 20 növ aqrotexniki servis xidməti sahibkarlara təklif edilib.

Tədbir çərçivəsində fermerlərin iştirakı ilə mütərəqqi suvarma üsullarından biri olan çiləmə üsulu ilə suvarılan ərazi də nümayiş olunub. Sərgi fermerlər tərəfindən böyük maraqla qarşılanıb.