Naxçıvanda məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbulu başlayır
Məktəbdənkənar təhsil şagirdlərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Qumaş Abdullayeva bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, hazırda nazirliyin tabeliyində 36 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Onun sözlərinə görə, bu müəssisələr yaradıcılıq, idman, şahmat və STEAM istiqamətlərini əhatə edir və muxtar respublikanın bütün rayonlarında şagirdlərə xidmət göstərir.
Qumaş Abdullayeva qeyd edib ki, məktəbdənkənar təhsil müəssisələrinə şagird qəbulu sentyabrın 25-dən həyata keçiriləcək. Dərnək məşğələləri isə oktyabrın 1-dən başlayacaq.
Nazirlik əməkdaşı bildirib ki, əsas məqsəd hər bir uşağın öz maraq və bacarığına uyğun istiqamət seçməsinə və həmin sahədə inkişaf etməsinə şərait yaratmaqdır.
O, valideynləri övladlarının maraq və bacarıqlarını nəzərə almağa, məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklərdən yararlanmağa dəvət edib.

Müsahibəni hazırladı:
Xosrov İbrahimov








