Naxçıvanda satınalmalar yeni qaydada tənzimlənəcək
Müəyyən hüquqi şəxslərin digər maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmalar yeni qaydada tənzimlənəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, “Dövlət satınalmaları haqqında” Qanun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və həmin orqanın (qurumun) idarəetməsinə verilən dövlət müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər, eləcə də onların təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına alınan mallar, işlər və ya xidmətlərin satın alınmasına şamil edilməyəcək.
Yuxarıda nəzərdə tutulan hüquqi şəxslər tərəfindən malların, işlərin və ya xidmətlərin satın alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.
Kağız daşıyıcılarında həyata keçirilən məxfi məlumatlarla əlaqəli satınalmalar, habelə qalib təchizatçının qeyri-rezident olduğu hallar istisna olmaqla yuxarıda nəzərdə tutulan mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.








