Kənd təsərrüfatı ilə bağlı bu sahələrdə qiymətləndirmələr aparılacaq

Kənd təsərrüfatı ilə bağlı bu sahələrdə qiymətləndirmələr aparılacaq

17 Sentyabr 2026

Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı genişləndiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə aşağıdakı ixtisaslaşmış müəssisələrin (təsərrüfatların) layihələndirilməsi də siyahıya əlavə ediləcək:

  • heyvandarlıq müəssisələri – yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün heyvanlar daxil olmaqla 5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzlu heyvana, digər dırnaqlı heyvanların (at, dəvə, donuz və s.) hər 1 başı isə 1 baş iribuynuzlu heyvana ekvivalent hesab olunmaqla layihə üzrə heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda;
  • quşçuluq müəssisələri – yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün quşlar daxil olmaqla (inkubasiya mərhələsində olanlar istisna edilməklə) 1 baş dəvəquşu 25 baş toyuğa, 1 baş hindquşu və ya qaz 5 baş toyuğa, 8 baş bildirçin 1 baş toyuğa, digər quş növlərinin hər 1 başı isə 1 baş toyuğa ekvivalent hesab olunmaqla layihə üzrə quş saxlama tutumu 40 000 baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda;
  • balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları – illik əldə olunan balıq məhsullarının, habelə balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda;
  • aqroparklar – yuxarıdakı maddələrində nəzərdə tutulan fəaliyyət növlərinin hər biri üzrə və həmin fəaliyyət növləri üçün müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox olduqda.