Zəfərdən Suverenliyə – 20 Sentyabr
Hər bir xalqın tarixində onun milli iradəsini, dövlətçilik ənənələrini və müstəqil yaşamaq əzmini təcəssüm etdirən mühüm günlər vardır. Belə tarixlər yalnız müəyyən hadisənin təqvimdə qeyd olunması ilə məhdudlaşmır, bütövlükdə xalqın keçdiyi tarixi yolun, üzləşdiyi sınaqların və əldə etdiyi nəticələrin yaddaşda yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan üçün 20 Sentyabr – Dövlət Suverenliyi Günü də məhz belə tarixi günlərdəndir. Bu tarix Azərbaycanın dövlətçilik tarixində uzun illər davam edən mürəkkəb proseslərin mühüm nəticəsini – ölkənin bütün ərazisində dövlət hakimiyyətinin, Konstitusiyanın və qanunların qüvvəsinin bərpasını ifadə edir.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi qeyd olunması 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunması və dövlət suverenliyinin bərpa edilməsi ilə əsaslandırılıb. Sərəncamda Azərbaycanın müstəqillik və dövlətçilik yolu, ərazi bütövlüyü uğrunda mübarizəsi və 2023-cü ilin sentyabrında baş vermiş hadisələrin tarixi əhəmiyyəti xüsusi vurğulanır.
20 Sentyabrın tarixi-siyasi mahiyyətini daha dərindən anlamaq üçün Azərbaycanın müstəqillik tarixinin keçdiyi yola nəzər salmaq zəruridir. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə həm müstəqil dövlət institutlarını formalaşdırmaq, həm də ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi-siyasi təhdidlərlə mübarizə aparmaq məcburiyyətində qaldı. 1991–1993-cü illərdə siyasi və iqtisadi böhran, idarəetmə problemləri, ictimai-siyasi sabitsizlik və hərbi qarşıdurma dövlət quruculuğu prosesini ciddi şəkildə çətinləşdirdi.
Məhz belə mürəkkəb tarixi şəraitdə xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyi möhkəmləndirildi, qanunçuluğun və hüquq qaydasının bərqərar olunması istiqamətində mühüm addımlar atıldı. Bu dövrdə müasir Azərbaycan dövlətçiliyinin siyasi, hüquqi və iqtisadi əsasları formalaşdırıldı. Prezident İlham Əliyevin çıxışlarında da 1993–2003-cü illər dövlət quruculuğu, siyasi və iqtisadi islahatların həyata keçirildiyi, müstəqil Azərbaycanın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi mühüm mərhələ kimi qiymətləndirilir.
Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində ən mühüm tarixi xidmətlərindən biri müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbuluna rəhbərlik etməsi oldu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi və institusional əsaslarını müəyyənləşdirdi. Konstitusiyanın preambulasında dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması Azərbaycanın ali niyyətlərindən biri kimi təsbit edildi. Bununla yanaşı, hüquqi, dünyəvi dövlət quruculuğu, qanunun aliliyi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi kimi fundamental prinsiplər konstitusion əsasda müəyyənləşdirildi.
Ulu Öndərin siyasi irsi yalnız dövlət institutlarının formalaşdırılması ilə məhdudlaşmırdı. Onun müəyyən etdiyi dövlətçilik fəlsəfəsi, milli maraqlara əsaslanan siyasət, azərbaycançılıq ideologiyası, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi sonrakı inkişaf üçün möhkəm zəmin yaratdı. Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası, iqtisadi islahatlar və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi müstəqil dövlətimizin gələcək inkişaf imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin dövrdə müəyyənləşdirilən strateji inkişaf istiqamətləri Azərbaycanın sonrakı uğurlarının təməlində dayanan amillərdən birinə çevrildi.
Beləliklə, Azərbaycanın sonrakı Zəfərinin və suverenliyinin tam bərpasının tarixi əsaslarını yalnız 2020-ci və ya 2023-cü illərin hadisələri ilə məhdudlaşdırmaq olmaz. Bu tarixi nəticəyə aparan yol müstəqil dövlətçiliyin möhkəmləndirilməsindən, güclü dövlət institutlarının yaradılmasından, milli iqtisadi potensialın artırılmasından, ordunun gücləndirilməsindən və Azərbaycanın beynəlxalq mövqelərinin ardıcıl şəkildə möhkəmləndirilməsindən keçib.
Lakin müstəqilliyin ilk onilliklərində Azərbaycanın qarşısında duran ən böyük problemlərdən biri Ermənistan-Azərbaycan münaqişəsi və ərazilərin işğalı idi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi uzun illər ölkənin effektiv dövlət nəzarətindən kənarda qaldı. Bunun nəticəsində yüz minlərlə insan öz doğma yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı, şəhər və kəndlər dağıdıldı, sosial-iqtisadi infrastruktur ciddi zərər gördü.
Münaqişənin hüquqi-siyasi çərçivəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr mühüm yer tuturdu. 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın işğal olunmuş ərazilərindən qüvvələrin çıxarılması, hərbi əməliyyatların dayandırılması və münaqişənin siyasi yolla həlli ilə bağlı çağırışlar əksini tapmışdı. Lakin sonrakı illərdə aparılan danışıqlar prosesi münaqişənin həllinə gətirib çıxarmadı və Azərbaycan dövlətinin qarşısında ərazi bütövlüyünün və suveren hüquqlarının bərpası məsələsi əsas milli prioritetlərdən biri olaraq qaldı.
Bu tarixi məqsədin həyata keçirilməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti mühüm rol oynadı. Dövlətin iqtisadi imkanlarının artırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi, ordu quruculuğunun davam etdirilməsi və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi ölkənin qarşısında duran strateji məqsədlərin reallaşdırılması üçün mühüm imkanlar yaratdı.
2020-ci il bu baxımdan Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan bir sıra əraziləri azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin gedişində həlledici hadisələrdən biri oldu. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Bəyanatla hərbi əməliyyatların dayandırılması razılaşdırıldı və Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.
2020-ci il Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi mərhələ oldu. Bununla belə, ölkənin bütün ərazisində dövlət suverenliyinin tam şəkildə həyata keçirilməsi üçün Qarabağda mövcud olan separatçı idarəçilik strukturlarının və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aradan qaldırılması məsələsi gündəmdə qalırdı.
2023-cü il aprelin 23-də Laçın rayonunda Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılması bu baxımdan mühüm hadisə oldu. Həkəri çayı üzərində yaradılan nəzarət məntəqəsi Azərbaycanın dövlət sərhədinə nəzarət imkanlarının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Bu addım 2020-ci ildən sonra formalaşan yeni reallıqlar çərçivəsində Azərbaycanın öz ərazisində dövlət idarəçiliyini və sərhəd nəzarətini gücləndirməsinin göstəricilərindən biri idi.
Nəhayət, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 23 saat davam edən əməliyyat sentyabrın 20-də başa çatdı. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında qeyd edildiyi kimi, həmin əməliyyat nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası təmin edildi və ölkənin dövlət suverenliyi tam bərpa olundu.
Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası ilə başlayan tarixi proses 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası mərhələsinə çatdı. Ərazi bütövlüyü dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinin bütövlüyünü ifadə etdiyi halda, dövlət suverenliyi həmin ərazi üzərində dövlət hakimiyyətinin real və tam şəkildə həyata keçirilməsini də əhatə edir. Məhz bu baxımdan 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi müəyyənləşdirilməsi Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi siyasi və hüquqi məna daşıyır.
20 Sentyabrın tarixi əhəmiyyəti bununla məhdudlaşmır. Dövlət suverenliyinin bərpası Azərbaycanın qarşısında yeni inkişaf mərhələsinin başlanmasına imkan yaratdı. Bu mərhələnin əsas istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın əldə etdiyi Zəfərin real nəticələrini nümayiş etdirir. Yeni şəhərlər və kəndlər salınır, yollar və nəqliyyat infrastrukturu qurulur, məktəblər, xəstəxanalar, sosial və mədəni obyektlər inşa edilir, yeni iqtisadi fəaliyyət sahələri yaradılır. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı təmin edilir. Rəsmi məlumatlara əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma, infrastrukturun qurulması, məşğulluq, təhsil və səhiyyə imkanlarının yaradılması kompleks şəkildə həyata keçirilir.
Bu proses Azərbaycanın gələcək inkişaf modelinin də mühüm istiqamətlərindən birini formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma prinsiplərinin, “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmalarının, yaşıl enerji texnologiyalarının tətbiqi həmin ərazilərin yalnız bərpasına deyil, gələcəyə hesablanmış yeni inkişaf məkanlarına çevrilməsinə xidmət edir. İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası kimi inkişaf etdirilməsi də bu siyasətin mühüm istiqamətlərindəndir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələri Azərbaycanın inkişafının müxtəlif istiqamətlərində özünü göstərir. Ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə yanaşı, sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi, investisiya imkanlarının genişləndirilməsi, nəqliyyat və enerji infrastrukturlarının inkişafı, azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması və yeni inkişaf perspektivlərinin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. 2027–2030-cu illər üçün yeni inkişaf Strategiyasının və Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması isə bu siyasətin davamlı xarakter daşıdığını göstərir.
Azərbaycanın enerji siyasətində də yeni mərhələ formalaşır. Ölkənin ənənəvi enerji potensialı ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, xüsusilə azad edilmiş ərazilərdə yaşıl enerji imkanlarının genişləndirilməsi Azərbaycanın həm enerji təhlükəsizliyinə, həm də gələcək iqtisadi inkişafına xidmət edən istiqamətlərdəndir. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji layihələrinin həyata keçirilməsi həmin ərazilərin bərpası ilə yanaşı, onların yeni iqtisadi model əsasında inkişafına da imkan yaradır.
Bütün bunlar göstərir ki, 2020-ci ilin Zəfəri və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası Azərbaycanın dövlətçilik tarixində bir-birini tamamlayan iki mühüm mərhələdir. Birinci mərhələ ərazi bütövlüyünün bərpasını, ikinci mərhələ isə həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusion hüquqi sisteminin tam şəkildə bərqərar olmasını təmin etdi.
Dövlət Suverenliyi Gününün təsis edilməsi də məhz bu tarixi prosesin rəsmi yaddaşa daxil edilməsinin ifadəsidir. 20 Sentyabr yalnız müəyyən hərbi hadisənin ildönümü deyil. Bu tarix müstəqil dövlətçiliyin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və dövlət hakimiyyətinin vahidliyinin bir-biri ilə necə bağlı olduğunu göstərən mühüm tarixi simvoldur.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Prezidentin 28 dekabr 2024-cü il tarixli Sərəncamında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müasir dövlət quruculuğunun əsaslarının formalaşdırılması, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, 2020-ci il Vətən müharibəsində tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpa edilməsi vahid tarixi ardıcıllıq çərçivəsində təqdim olunur.
2025-ci il çərçivəsində təsdiq edilmiş Tədbirlər Planında da Dövlət Suverenliyi Gününün və Konstitusiyanın qəbulunun 30 illiyinin geniş qeyd olunması, bu mövzuda yerli və beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdu. Bu yanaşma dövlətçilik və suverenlik anlayışlarının hüquqi və siyasi mahiyyətinin cəmiyyətə çatdırılmasının əhəmiyyətini bir daha nümayiş etdirdi.
20 Sentyabrın ictimai yaddaşda möhkəmləndirilməsi Azərbaycanın müasir dövlətçilik tarixinin gələcək nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu tarix xalqımızın müstəqillik uğrunda mübarizəsini, şəhidlərimizin və qazilərimizin fədakarlığını, dövlətin qarşısında duran tarixi vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsini xatırladır.
Bununla yanaşı, suverenliyin bərpası dövlət üçün yalnız əldə olunmuş nəticənin qorunması məsələsini deyil, onun davamlı inkişafını da gündəmə gətirir. Müasir dövrdə dövlət suverenliyinin möhkəmliyi yalnız hərbi güclə deyil, iqtisadi dayanıqlıq, güclü dövlət institutları, hüququn aliliyi, sosial rifah, informasiya təhlükəsizliyi, diplomatik imkanlar və vətəndaş həmrəyliyi kimi çoxsaylı amillərlə müəyyən olunur.
Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yol bu baxımdan ardıcıl bir proses kimi qiymətləndirilə bilər: dövlət müstəqilliyinin bərpası, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir dövlətçilik əsaslarının formalaşdırılması, dövlət institutlarının möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2020-ci ildə tarixi Zəfərin qazanılması, 2023-cü ildə dövlət suverenliyinin tam bərpa edilməsi və bundan sonra genişmiqyaslı postmünaqişə quruculuğunun başlanması.
Bu ardıcıllıq Azərbaycanın müasir tarixinin mahiyyətini ifadə edən mühüm dövlətçilik salnaməsidir. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm dövlətçilik təməlləri üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yeni tarixi reallıqların müəllifinə çevrilib. Ərazi bütövlüyünün və suverenliyin bərpası, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması, Böyük Qayıdışın təmin edilməsi və ölkənin sosial-iqtisadi inkişafının davam etdirilməsi bu mərhələnin mühüm nəticələrindəndir.
Bu gün 20 Sentyabr Azərbaycan dövlətçiliyinin keçmişinə nəzər salmaqla yanaşı, gələcək qarşısında duran vəzifələri də xatırladır. Suveren dövlətə sahib olmaq böyük tarixi nailiyyətdir, lakin həmin suverenliyi davamlı və dayanıqlı inkişafın əsasına çevirmək bundan sonrakı nəsillərin də məsuliyyətidir. Bu məsuliyyət dövlət institutlarının daha da möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması, iqtisadi və sosial inkişafın davam etdirilməsi, azad edilmiş ərazilərin dirçəldilməsi, Böyük Qayıdışın uğurla davam etdirilməsi və milli həmrəyliyin qorunması ilə birbaşa bağlıdır.
Azərbaycan xalqının dövlətçilik tarixində 20 Sentyabr məhz bu baxımdan xüsusi yer tutur. Bu tarix müstəqilliyin və suverenliyin nə qədər böyük tarixi dəyərə malik olduğunu xatırladır, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi ilə müasir Azərbaycanın Zəfər salnaməsi arasında tarixi bağlılığı göstərir və əldə edilmiş nəticələrin gələcək nəsillər tərəfindən qorunmasının əhəmiyyətini önə çəkir.
Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqil dövlət kimi keçdiyi mürəkkəb yolun yaddaşda yaşadılması, əldə edilmiş tarixi nəticələrin dərk olunması və suverenliyin gələcəkdə də möhkəmləndirilməsi ideyasının ifadəsidir. 20 Sentyabr bu mənada Azərbaycanın Zəfərdən Suverenliyə uzanan tarixi yolunun rəmzi, dövlətçilik salnaməmizin mühüm səhifəsi və gələcəyə inamımızın ifadəsidir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








