Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək

Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək

20 Aprel 2026

Naxçıvanda təhsil sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, artıq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2025–2027-ci illər üçün Tədbirlər Planı təsdiqlənib və icrasına başlanılıb”. Sənəd regionda təhsil sahəsinin müasir tələblər səviyyəsində inkişafını təmin etməyə yönəlib.

Qarşıdakı dövrdə əsas hədəflərdən biri təhsil müəssisələrinin maddi-texniki bazasının daha da gücləndirilməsi, müasir texnologiyalarla təminatın genişləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsidir. Şagird-kompüter nisbətinin ölkə məktəblərinin səviyyəsinə (6:1) çatdırılması üçün ümumilikdə 4300 yeni kompüterin alınması planlaşdırılır. Artıq bu istiqamətdə 2290 noutbuk alınıb və 2026–2027-ci tədris ilinin əvvəlində məktəblərə paylanacaq. İlkin mərhələdə kompüterlər şagird kontingenti çox olan Naxçıvan şəhərində və  rayon mərkəzlərində fəaliyyət göstərən böyük məktəblərə veriləcək. Proses mərhələli şəkildə davam etdiriləcək və növbəti mərhələdə daha 2100 noutbukun da təhsil müəssisələrinə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, həyata keçirilən layihələr nəticəsində məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və rəqəmsal təhsilin imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasındadır.