Naxçıvanda dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqə elan olunub
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət icra məmuru vəzifəsinə qulluğa qəbulla bağlı müsabiqə elan edilib.
Nazirliyin Müsabiqə Komissiyasından "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, yerli icra və probasiya qurumlarında mövcud vakant vəzifələri əhatə edən müsabiqə üçün ərizələrin qəbulu 2026-cı il aprelin 20-dən mayın 20-si saat 18:00-dək davam edəcək.
Müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən, istənilən ixtisas üzrə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Namizədlər müraciətlərini nazirliyin rəsmi saytında yerləşdirilmiş “Qulluğa qəbul” bölməsi vasitəsilə elektron formada göndərə və ya şəxsən təqdim edə bilərlər. Kağız daşıyıcıda müraciətlər Naxçıvan şəhəri, İslam Səfərli 1 ünvanında yerləşən inzibati binada iş günləri qəbul olunur.
Qeyd edək ki, müsabiqə test imtahanı və söhbət mərhələlərindən ibarətdir. Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçiriləcək. İmtahanın vaxtı, yeri və buraxılış vərəqələri ilə bağlı əlavə məlumat namizədlərə təqdim olunacaq.
Test mərhələsini uğurla keçən və söhbətdə iştirak etmək istəyən şəxslər müvafiq qaydalara uyğun olaraq tələb olunan sənədləri Nazirliyin İnsan resursları bölməsinə təqdim etməlidirlər.
Müsabiqə ilə bağlı ətraflı məlumatı nazirliyin rəsmi saytında yerləşdirilmiş “Yaddaş kitabçası”ndan və “Dövlət icra məmurları” bölməsindən əldə etmək mümkündür. Əlavə məlumat üçün (036) 545-00-69 nömrəsi ilə əlaqə saxlamaq olar.








