Naxçıvanda qeyri-neft ixracının şaxələndirilməsində yeni mərhələ

Naxçıvanda qeyri-neft ixracının şaxələndirilməsində yeni mərhələ

10 İyun 2026

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin edilməsidir. Son illərdə bu istiqamətdə həyata keçirilən islahatlar nəticəsində qeyri-neft məhsullarının istehsalı və ixracında müəyyən artım müşahidə olunsa da, yerli istehsalçıların xarici bazarlarda rəqabət qabiliyyətini məhdudlaşdıran amillər hələ də qalmaqdadır. Bu problemlər arasında yüksək logistik xərclər xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman məhz bu problemin həllinə yönəlmiş mühüm iqtisadi sənəd kimi qiymətləndirilə bilər. Fərmanda vurğulandığı kimi, müasir dövrdə geosiyasi proseslər, qlobal tədarük zəncirlərində baş verən qırılmalar və beynəlxalq bazarlardakı qeyri-sabitlik dövlətləri iqtisadi dayanıqlılıq məsələsinə daha həssas yanaşmağa məcbur edir. Azərbaycan üçün isə bu dayanıqlılığın əsas sütunlarından biri qeyri-neft-qaz sektorunun inkişafıdır. Məhz buna görə də dövlət yeni mexanizm tətbiq edərək ixracatçıların daşıma xərclərinin əhəmiyyətli hissəsini öz üzərinə götürməyi qərara alıb. Bu addım yerli məhsulların xarici bazarlarda qiymət baxımından daha rəqabətqabiliyyətli olmasına imkan yaradacaq.

Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin mühüm hissəsi dövlət tərəfindən kompensasiya ediləcək. Belə ki, məhsullar dəmir yolu, hava, dəniz və ya Azərbaycan qeydiyyatlı avtomobil nəqliyyatı vasitəsilə daşındıqda sahibkarın ödədiyi nəqliyyat xərcinin 70 faizi geri qaytarılacaq. Xarici qeydiyyatlı avtomobillərdən istifadə edildikdə isə bu göstərici 50 faiz təşkil edəcək. Bu mexanizm xüsusilə uzaq bazarlara çıxmağa çalışan ixracatçılar üçün ciddi stimul hesab olunur. Çünki bir çox hallarda məhsulun maya dəyərində ən böyük yük məhz logistika xərclərinin payına düşür.  Azərbaycan məhsulları ənənəvi olaraq yaxın coğrafiyalarda yerləşən bazarlarda təmsil olunur. Lakin Asiya, Afrika və uzaq Avropa bazarlarına çıxış zamanı daşıma məsafələrinin uzunluğu əlavə maliyyə yükü yaradır. Yeni dəstək mexanizmi həmin maneələri qismən aradan qaldıraraq ixracın coğrafiyasının genişlənməsinə şərait yarada bilər. Bu isə həm ölkəyə daxil olan valyuta axınının artmasına, həm də istehsal müəssisələrinin yeni satış bazarları əldə etməsinə xidmət edəcək. İqtisadi baxımdan fərmanın əsas məqsədlərindən biri də qeyri-neft ixracının yalnız həcm baxımından deyil, məhsul çeşidi və bazar müxtəlifliyi baxımından da şaxələndirilməsidir.

Fərmanın ən diqqətçəkən hissələrindən biri Naxçıvan Muxtar Respublikası ilə bağlı müddəalardır.

Sənəddə qeyd olunur ki, blokada şəraitində fəaliyyət göstərən Naxçıvanda istehsal olunan məhsulların Azərbaycanın digər ərazilərinə çatdırılması əlavə nəqliyyat xərcləri yaradır. Bu səbəbdən dövlət həmin daşımaların da 70 faizini subsidiya etməyi nəzərdə tutur. Bu qərar Naxçıvan sahibkarlarının daxili bazarlara çıxış imkanlarını genişləndirə, muxtar respublikada istehsalın həcmini artıraraq yeni investisiyaların cəlb edilməsinə təkan verə bilər.

Xüsusilə kənd təsərrüfatı, qida sənayesi və emal sektorunda fəaliyyət göstərən müəssisələr üçün bu dəstək mühüm əhəmiyyət daşıyır. Uzunmüddətli dövlət strategiyasının tərkib hissəsi

Fərmanın tətbiq müddətinin 2026-cı ildən başlayaraq 2036-cı ilədək nəzərdə tutulması onun qısamüddətli təşviq paketi deyil, uzunmüddətli iqtisadi strategiyanın elementi olduğunu göstərir. On il ərzində davam edəcək dəstək proqramı sahibkarlara investisiya planlarını daha inamla qurmağa, istehsal güclərini artırmağa və xarici bazarlara çıxış üçün uzunmüddətli müqavilələr bağlamağa imkan verəcək.

Eyni zamanda Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə verilən tapşırıqlar göstərir ki, fərmanın icrası üçün əlavə normativ baza yaradılacaq, dəstəyin tətbiq ediləcəyi məhsullar və ölkələr üzrə konkret siyahılar hazırlanacaq. Yeni Fərman Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Bir sözlə, dövlət ixrac prosesində ən ciddi maneələrdən hesab olunan logistik xərclərin əhəmiyyətli hissəsini öz üzərinə götürür. Bu qərar qeyri-neft məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətini artırmaqla yanaşı, Naxçıvanın iqtisadi inteqrasiyasını gücləndirə, yeni bazarların fəth edilməsinə şərait yarada və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edə bilər. Əgər tətbiq mexanizmləri effektiv işləyərsə, fərman yaxın onillikdə Azərbaycanın qeyri-neft ixracının artmasına təsir göstərə biləcək ən mühüm iqtisadi təşviq alətlərindən birinə çevrilə bilər.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı