Naxçıvanda “Sağlam məhəllə” layihəsi icra olunur
Ölkəmizdə əhalinin sağlam həyat tərzinə təşviqi, gənclərin fiziki və intellektual inkişafı, bədən tərbiyəsi və idmanın təbliği prioritet istiqamətlərdəndir. Bu sahələrdə görülən davamlı işlər dövlətin insan sağlamlığına verdiyi dəyərin yüksək göstəricisidir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsi əsasında regionlarda yaradılan idman meydançaları sağlam həyat tərzinin təbliği, gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda məhəllə infrastrukturunun yenilənməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasındasında da “Sağlam məhəllə” layihəsinin icrası ilə bağlı işlər görülməkdədir. 2025-ci ilin noyabr ayından etibarən 3 bölgədə — Babək, Culfa və Şahbuz rayonlarında tikinti işlərinə start verilib. Hazırda Babək şəhərinin Heydər Əliyev prospekti, eləcə də Şahbuz şəhər 28 May küçəsindəki seçilmiş ərazilərdə ilkin tikinti işləri aparılmış, Culfa şəhəri Təbriz küçəsindəki ərazidə isə yerin hamarlanması işi görülmüşdür.
Layihəyə əsasən həmin yerlərdə açıq havada idman fəaliyyətləri üçün uyğun mühit yaradılacaq. Vətəndaşlar burada minifutbol, basketbol, stolüstü tennis və şahmat idman növləri ilə məşğul ola , eyni zamanda trenajor avadanlıqlarından faydalana biləcəklər. Bu da öz növbəsində yaşından asılı olmayaraq sakinlərin bədən tərbiyəsi və idmana təşviqi istiqamətində atılan önəmli addımdır.
Qeyd edək ki, “Sağlam məhəllə” layihəsi çərçivəsində görüləcək işlərin növbəti ilin yanvar ayında yekunlaşdırılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi layihənin uğurla icra olunması üçün yaxından dəstək göstərir, lazımi işləri icra edir.








