Naxçıvanda Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub - FOTO
5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin Naxçıvan şəhər Sukanal İdarəsi və ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə peşə bayramına həsr olunmuş tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə tədbir iştirakçıları Naxçıvan şəhərinin baş meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Şəhidlər Xiyabanı və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsi hörmətlə anılıb.
Tədbir Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin akt zalında davam edib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev çıxış edərək ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bu sahənin kənd təsərrüfatının inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və əhalinin su təminatının yaxşılaşdırılmasında mühüm rolundan danışıb.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunan İdarənin rəis müavini Emil Səfərov və subartezian nasoslarının təmiri sexinin ustası Vüsal Qoçəliyev, həmçinin su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşlar təbrik edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.


















