Naxçıvanda “Təmiz hava” aylığına start verilir

Naxçıvanda “Təmiz hava” aylığına start verilir

20 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi oktyabrın 20-dən noyabrın 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz hava” aylığı keçirəcək.

Nazirliyin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, əsas məqsəd avtonəqliyyat vasitələri tərəfindən atmosferə atılan zərərli qazların miqdarını azaltmaq, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verməkdir.

Tədbir çərçivəsində nəqliyyat vasitələrinin texniki vəziyyəti, xüsusən də mühərrik və yanacaq sistemlərinin sazlığı yoxlanılacaq. Sürücülərə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə avtomobillərini texniki cəhətdən saz vəziyyətdə saxlamaq tövsiyə olunur.

Qeyd olunan tələblərə əməl etməyən, atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobillərin idarə olunmasına və istismarına yol verən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar.