Naxçıvanda vaxtından əvvəl doğulan üçəmlərin müalicəsi başa çatıb

Naxçıvanda vaxtından əvvəl doğulan üçəmlərin müalicəsi başa çatıb

12 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə hamiləliyin 30-cu həftəsində dünyaya gələn üçəm körpələrin müalicəsi uğurla başa çatıb. İki oğlan və bir qızdan ibarət olan üçəmlər hazırda kafi və stabil vəziyyətdədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Babək rayonundan müraciət edən hamilə qadın 30-cu həftədə üçəm dünyaya gətirib. Körpələrdən biri 1100, digəri 900, üçüncüsü isə 800 qram çəki ilə doğulub.

Vaxtından əvvəl doğuş və az çəki ilə əlaqədar hər üç körpədə ağciyərlərin və həzm sisteminin tam inkişaf etməməsi müşahidə olunub. Bu səbəbdən onlar Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə yerləşdirilib, müvafiq müayinə, müalicə və xüsusi tibbi qulluqla təmin ediliblər.

Müalicə müddətində körpələrə ağciyərlərin yetişməsini dəstəkləmək məqsədilə surfaktant terapiyası tətbiq olunub, tibbi göstərişlərə uyğun tənəffüs və oksigen dəstəyi verilib. Onların vəziyyəti küvəzdə davamlı monitorinq və fərdi qulluq əsasında izlənilib.

Aparılan müalicə və intensiv tibbi qulluq nəticəsində hər üç körpənin vəziyyətində stabilləşmə əldə olunub.

Bu gün körpələr tibbi nəzarətin davam etdirilməsi məqsədilə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər.

Qeyd edək ki, hamiləliyin idarə olunması və qeysəriyyə əməliyyatı ginekoloq Bəhriyyə İsmayılova, körpələrin müalicəsi isə neonatoloq Ülviyyə Vəliyeva tərəfindən həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin kollektivi körpələrə sağlam və xoşbəxt gələcək arzulayır.