Naxçıvanda Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin I Regional Konfransı keçirilib -

Naxçıvanda Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin I Regional Konfransı keçirilib - FOTO

26 Sentyabr 2026

“Baş ağrıları və dorsalgiyalar: müasir yanaşmalar” mövzusuna həsr olunan konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin açılışında Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxış edib. Çıxışda ölkədə səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs olunub. Qeyd edilib ki, bu siyasətin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasında da tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, əhalinin profilaktik müayinələrə cəlb olunması, müxtəlif tibbi aksiyaların və profilaktik tədbirlərin təşkili, eləcə də tibb işçilərinin peşəkar inkişafının təmin olunması istiqamətində mühüm işlər görülür.

Çıxışda tibbi kadrların davamlı peşəkar inkişafının səhiyyənin əsas prioritetlərindən biri olduğu vurğulanıb. Bu baxımdan Naxçıvanda orta tibb ixtisaslı şəxslər üçün keçirilən sertifikasiya imtahanında 263 nəfərin iştirak etdiyi, onlardan 215 nəfərin uğur qazanaraq 81,7 faizlik nəticə göstərdiyi diqqətə çatdırılıb. Bu göstəricinin tibb işçilərinin peşə hazırlığının inkişafı baxımından mühüm nəticə olduğu bildirilib.

Daha sonra AMMİB-in həmtəsisçisi, professor Sədaqət Hüseynova və AMMİB-in sədri, doktor Sərxan Əmirquliyev çıxış edərək konfransın əhəmiyyətindən, baş ağrıları və dorsalgiyaların diaqnostika və müalicəsində müasir yanaşmaların tətbiqindən, eləcə də mütəxəssislər arasında təcrübə və bilik mübadiləsinin vacibliyindən danışıblar.

Konfransın elmi hissəsi üç sessiya üzrə davam etdirilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Konfransda 100-dən artıq həkim və həkim-rezident iştirak edib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və iştirakçılara 7 kredit balı verilib.