Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsinə ağacəkmə aksiyası keçirilib -

Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsinə ağacəkmə aksiyası keçirilib - FOTO

26 Sentyabr 2026

27 Sentyabr – Anım Günü ərəfəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə Naxçıvan şəhərində silsilə tədbirlər davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sentyabrın 26-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək Magistralının Naxçıvan şəhərindən keçən hissəsinin 3-cü kilometrliyinin sol hissəsində şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiya iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev çıxışında bildirib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq və onların qəhrəmanlıq yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Şəhidlərin xatirəsinə həsr olunan hər bir tədbir milli yaddaşımızın qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.

Qeyd olunub ki, şəhidlərin xatirəsinə ağac əkilməsi özündə həm milli-mənəvi dəyərləri, həm də təbiətə qayğı ənənəsini birləşdirən nəcib təşəbbüsdür. Bu aksiyalar, eyni zamanda, Naxçıvan şəhərində yaşıllıq sahələrinin artırılmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.

Aksiya çərçivəsində şəhərin yaşıllıq üçün nəzərdə tutulmuş ərazisində 100-dən artıq müxtəlif növ meşə ağacı əkilib, mövcud ağacların suvarılması həyata keçirilib, ərazidə yaşıllıqların qorunması və inkişafı məqsədilə müvafiq tədbirlər görülüb, ağaclara aqrotexniki qulluq göstərilib və əkilən ağacların suvarılması üçün müasir damcı sistemi quraşdırılıb.

Şəhidlərimizin xatirəsinə əkilən hər bir ağac gələcəyə ünvanlanan ehtiramın, həyatın və milli yaddaşın rəmzinə çevrilir.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan şəhərində şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların ailələrinə və yaxınlarına diqqət və qayğının göstərilməsi, həmçinin milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir.