Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 12,2 % çoxdur.
Bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 14,3 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 48,5 %-dən 49,4 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,6 % artaraq 54 milyard 722,7 milyon manata, o cümlədən depozit portfeli 14,45 % artaraq 41 milyard 792,5 milyon manata çatıb. Bunun 17 milyard 810,9 milyon manatı fiziki, 23 milyard 981,6 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 18,1 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 11,9 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 20 % azalaraq 0,4 milyon manat olub.
Sektorun balans kapitalı isə 9,55 % artaraq 7 milyard 753,2 milyon manat təşkil edib.








