Naxçıvan Dövlət Statistika Komitəsində nümunəvi mülki müdafiə məşqi keçirilib -

Naxçıvan Dövlət Statistika Komitəsində nümunəvi mülki müdafiə məşqi keçirilib - FOTO

26 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məşqin əsas məqsədi fövqəladə hadisələr zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili, qarşılıqlı fəaliyyətin təmin olunması, əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması və düzgün davranış vərdişlərinin formalaşdırılması olub.

Praktiki hissədən əvvəl iştirakçılara fövqəladə hadisələr zamanı təhlükəsizlik qaydaları, təxliyənin təşkili, ilkin tədbirlərin görülməsi və yaranmış vəziyyətə uyğun fəaliyyətin həyata keçirilməsi barədə məlumat verilib.

Məşq zamanı şərti fövqəladə hadisə barədə məlumatın aidiyyəti üzrə çatdırılması, mülki müdafiə qüvvələrinin fəaliyyətə cəlb edilməsi, hadisənin nəticələrinin aradan qaldırılması, idarəetmə və qarşılıqlı əlaqənin təşkili, “zərərçəkmişlərə” ilkin yardımın göstərilməsi və digər tədbirlər icra olunub.

Məşqin yekununda əldə olunan nəticələr müzakirə edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.