Naxçıvanın Bakıdakı yeni nümayəndəsi kimdir?
Abbas Zaman oğlu Muxtar-zadə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" yeni nümayəndənin dosyesini təqdim edir:
Abbas Muxtar-zadə 26 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini tamamladıqdan sonra, 2007–2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində "İnzibati idarəetmə" ixtisası üzrə ali təhsil alıb. Ali məktəbi bitirdikdən dərhal sonra, 2012–2013-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
Nümayəndəlikdəki 10 illik karyera pilləsi
A. Muxtar-zadənin əmək fəaliyyəti uzun illərdir ki, məhz rəhbər təyin olunduğu qurumla bağlıdır. O, 2016-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində baş mütəxəssis kimi fəaliyyətə başlayıb. O, 2019-cu ildə nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi vəzifəsinə yüksəlib.
Yeni sərəncamla o, təxminən 10 ildir çalışdığı bu dövlət strukturunun rəhbəri statusunu qazanıb.
Abbas Muxtar-zadə həmçinin aktiv siyasi fəaliyyətlə məşğuldur və Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
Ailəlidir, bir övladı var.








