Naxçıvanın inkişaf strategiyasında yeni mərhələ: məktəbəqədər təhsilə dövlət qayğısı
Naxçıvan Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan, strateji və geosiyasi əhəmiyyət daşıyan qədim diyardır. Bu səbəbdən Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi, müasir infrastrukturun formalaşdırılması və burada yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana son səfərini də bölgənin inkişafında yeni mərhələnin konturlarını müəyyən edən mühüm hadisə kimi qiymətləndirmək olar.Dövlətin Naxçıvana münasibətində əsas xətt regionun hərtərəfli inkişafının təmin olunması, burada müasir həyat və fəaliyyət şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bu yanaşma yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, infrastruktur və digər sahələr üzrə həyata keçirilən tədbirlər vahid inkişaf konsepsiyasının tərkib hissəsidir. Xüsusilə sosial sahəyə yönəlmiş qərarlar dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını göstərir. Çünki hər hansı regionun inkişafını yalnız yolların, binaların və istehsal müəssisələrinin sayı ilə ölçmək mümkün deyil. Əsl inkişaf insanın həyat keyfiyyətində, onun təhsil, səhiyyə və sosial xidmətlərə çıxış imkanlarında özünü göstərir. Bu baxımdan məktəbəqədər təhsilə göstərilən diqqət də xüsusi məna daşıyır. Azərbaycan qanunvericiliyində məktəbəqədər təhsilin əhatəliliyinin artırılması, müəssisələrin yaradılması və inkişafının təşviqi, onların maddi-texniki bazasının və kadr təminatının yaxşılaşdırılması dövlətin vəzifələri sırasında müəyyən edilib. Xüsusilə Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsi - Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi ilə bağlı qərar bu baxımdan diqqətçəkəndir. Yeni məktəbəqədər təhsil müəssisəsinin yaradılması Naxçıvanda məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsinə, uşaqların müasir və təhlükəsiz təhsil mühiti ilə təmin olunmasına, valideynlərin sosial ehtiyaclarının qarşılanmasına və məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına xidmət edən mühüm addımdır. Burada əsas məsələ həmin müəssisələrdə neçə-neçə uşağın ilk təhsil təcrübəsini qazanacağı, neçə ailənin övladının daha əlverişli şəraitdə məktəbəqədər təhsil alacağı və neçə uşağın müasir inkişaf imkanlarından yararlanmasıdır. Bu mənada hər bir yeni məktəbəqədər təhsil müəssisəsi həm də gələcəyə açılan yeni bir qapıdır.
Bu qərar niyə məhz məktəbəqədər təhsil baxımından əhəmiyyətlidir? Çünki, məktəbəqədər yaş dövrü uşağın şəxsiyyətinin formalaşmasının ən mühüm mərhələlərindən biridir. Uşağın sosial, emosional, fiziki və intellektual inkişafının təməli məhz bu dövrdə qoyulur. Ona görə də məktəbəqədər təhsilə ayrılan diqqəti sadəcə təhsil infrastrukturu məsələsi kimi qiymətləndirmək doğru deyil. Bu, əslində insan kapitalına qoyulan sərmayədir. Müasir məktəbəqədər təhsil müəssisəsində uşaq yalnız müəyyən bilik və bacarıqlar qazanmır, eyni zamanda ünsiyyət qurmağı, paylaşmağı, müstəqil qərar verməyi, kollektivdə davranmağı, ətraf aləmi dərk etməyi və özünü ifadə etməyi öyrənir. Deməli, bu gün yaradılan məktəbəqədər təhsil mühiti gələcəkdə formalaşacaq şəxsiyyətin keyfiyyətlərinə birbaşa təsir göstərir. Yeni məktəbəqədər təhsil müəssisələri bu prosesin ilk mərhələlərindən biridir. Bu müəssisələrdə böyüyəcək uşaqlar gələcəkdə Naxçıvanın və Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərəcək, ölkənin inkişafına öz töhfələrini verəcəklər. Bu baxımdan Prezidentin Naxçıvana səfərini yalnız bu günün problemlərinə cavab verən tədbirlər kimi deyil, gələcəyin Naxçıvanının formalaşdırılmasına yönəlmiş ardıcıl dövlət siyasətinin növbəti mərhələsi kimi təqdim etmək daha doğru olar.Bu inkişaf yolunda məktəbəqədər təhsilin xüsusi yer tutması təsadüfi deyil. Çünki hər bir böyük inkişafın başlanğıc nöqtəsində insan, insanın inkişafının başlanğıcında isə erkən uşaqlıq dövrü dayanır. Bu baxımdan erkən yaş dövründə təhsil və tərbiyənin düzgün təşkil olunması yalnız uşağın bugünkü inkişafı deyil, onun gələcək həyatının formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Burada təhsil və tərbiyə bir-birindən ayrı proseslər kimi deyil, vahid inkişaf prosesinin iki mühüm istiqaməti kimi çıxış edir. Uşaq öyrənməklə yanaşı, davranış qaydalarını mənimsəyir, kollektivdə münasibət qurmağı, paylaşmağı, əməkdaşlıq etməyi və başqalarının hüquq və hisslərinə hörmətlə yanaşmağı öyrənir. Buna görə də məktəbəqədər təhsil müəssisəsi uşağın həyatında ilk mühüm sosiallaşma məkanlarından biridir.Məktəbəqədər təhsilin əhəmiyyəti onun dövlət siyasətindəki yerində də öz əksini tapır. Azərbaycanda bu sahənin inkişafı istiqamətində son illər ərzində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, yeni müəssisələrin yaradılması, mövcud infrastrukturun yenilənməsi, təhsil mühitinin müasirləşdirilməsi və keyfiyyətin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətin bu sahəyə yanaşmasının əsas məqsədlərindən biri uşaqların yaşadıqları ərazidən və ailələrinin sosial imkanlarından asılı olmayaraq məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsidir. Bu baxımdan yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması, daha çox ailənin bu xidmətdən yararlanması və daha çox uşağın müasir təhsil mühitində inkişaf etməsi deməkdir. Naxçıvanda beş yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi ilə bağlı qərarı da məhz bu kontekstdə qiymətləndirmək mümkündür. Bu addım bölgədə məktəbəqədər təhsil infrastrukturunun genişləndirilməsi ilə yanaşı, uşaqlar üçün daha müasir və əlçatan təhsil imkanlarının yaradılmasına yönəlmiş mühüm sosial investisiyadır. Müasir dövrdə məktəbəqədər təhsilin inkişafı yalnız yeni binaların tikintisi ilə məhdudlaşmır. Burada maddi-texniki bazanın gücləndirilməsi, müasir təlim vasitələrinin tətbiqi, pedaqoji kadrların peşəkarlığının artırılması, innovativ metodların tətbiqi və uşaqların fərdi inkişafına yönəlmiş yanaşmaların genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.Dövlət başçısının müvafiq Sərəncamı ilə Naxçıvanda yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinin nəzərdə tutulması bölgənin təhsil infrastrukturu üçün mühüm perspektivlər yaradır. Bu baxımdan qarşıdakı mərhələdə əsas vəzifə yeni məktəbəqədər təhsil müəssisələrinin müasir tələblərə cavab verən, uşaqların hərtərəfli inkişafını təmin edən və uzunmüddətli istifadəyə hesablanan təhsil məkanları kimi formalaşdırılmasıdır. Bütün bu tədbirlərin son məqsədi isə uşaqlar üçün keyfiyyətli təhsil və tərbiyə mühitinin yaradılmasıdır. Deməli, bu gün məktəbəqədər təhsilə ayrılan diqqət sabah daha savadlı, daha yaradıcı, daha məsuliyyətli və cəmiyyətə daha fəal töhfə verən nəslin formalaşmasına xidmət edir. Bu baxımdan Prezidentin Naxçıvana göstərdiyi diqqət və məktəbəqədər təhsillə bağlı qəbul edilən qərar təkcə sosial layihə deyil, insan kapitalına yönəlmiş uzunmüddətli investisiya kimi dəyərləndirilə bilər.Nəticə etibarilə, Naxçıvanda yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi ilə bağlı qərarı yalnız yeni təhsil ocağının yaradılması kimi qiymətləndirmək bu addımın mahiyyətini tam ifadə etməz. Bu qərar uşaqların inkişafına, ailələrin rifahına, təhsilin əlçatanlığına və gələcək insan kapitalının formalaşmasına yönəlmiş strateji addımdır.Çünki gələcəyə ən böyük sərmayə uşağa verilən təhsildir. Uşağa verilən ən böyük imkan isə onun potensialına inanmaqdır.
Ayşən ƏSGƏROVA
Naxçıvan MR Təhsil Nazirliyi Aparatının sektor müdiri








