Məleykə Abbaszadə abituriyentlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas seçimindən əvvəl abituriyentlərə məlumatlarla tanış olmağı tövsiyə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, M.Abbaszadə mərkəzin sosial şəbəkə hesabında canlı yayım zamanı çıxışında bildirib ki, abituriyentlər çox zaman müxtəlif şəxslərin fikirlərinə, qeyri-rəsmi saytlarda yayılan məlumatlara əsaslanılırlar.
DİM sədri abituriyentlərin həmin məlumatlara güvənməmələrini məsləhət görüb:
"Çünki onlar səhv ola bilər. Əsas və etibarlı məlumatlar rəsmi mənbələrdə, xüsusilə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında dərc olunur. Buna görə də ixtisas seçiminə başlamazdan əvvəl abituriyentlərə həmin jurnallarda yayımlanan məlumatlarla tanış olmağı tövsiyə edirik".
Qeyd edək ki, avqustun 12-dən 19-na kimi davam edəcək ixtisas seçimi bütün ixtisas qrupları üzrə internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.








