Nazirlik əməkdaşı: Naxçıvanda mədəni irsin qorunması yalnız bir neçə abidənin bərpası ilə məhdudlaşmır
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Məmməd Hüseynli “Naxçıvanxəbərləri”nə bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri zamanı Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirakı və Möminə Xatun türbəsində aparılan bərpa-konservasiya işləri Naxçıvanın tarixi-mədəni irsinə dövlət qayğısının konkret nəticələridir.
Onun sözlərinə görə, Əcəmi Naxçıvaninin 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi, abidəsinin ucaldılması və Möminə Xatun türbəsinin bərpası böyük memarın irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addımlardır.
Məmməd Hüseynli qeyd edib ki, Möminə Xatun türbəsinin bərpası üçün 2025-ci ildə 1 milyon manat, 2026-cı ildə isə 9 milyon 566 min manat vəsait ayrılıb. Beləliklə, iki il ərzində bu məqsədlə ayrılan vəsaitin ümumi məbləği 10 milyon 566 min manat təşkil edib.
“2023–2025-ci illərdə yerli və xarici ekspertlər tərəfindən aparılan araşdırmalar nəticəsində abidənin vəziyyəti qiymətləndirilib. Hazırda bərpa, dam örtüyünün yenidən qurulması, məqbərədəki əyilmənin monitorinqi və drenaj sisteminin yaradılması istiqamətində işlər görülür”, – deyə o bildirib.
Nazirlik əməkdaşının sözlərinə görə, Möminə Xatun türbəsinin bərpasına Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin cəlb olunması beynəlxalq təcrübədən istifadə imkanını genişləndirir.
O bildirib ki, Naxçıvanda mədəni irsin qorunması yalnız bir neçə abidənin bərpası ilə məhdudlaşmır. Hüseyn Cavid məqbərəsi, Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Ərbabın iş yeri”, Ordubad mədrəsəsi, Sərşəhər məscidi, Təkeşiyi məscidi və “İsmayıl xan hamamı” üzrə də müxtəlif mərhələlərdə layihələr həyata keçirilir.
Məmməd Hüseynli qeyd edib ki, 2026-cı ildə Naxçıvandakı tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılmasına başlanılıb. İşlərin 2029-cu ilədək, abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə tədbirlərin isə 2030-cu ilədək davam etdirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində QR-kod sisteminin tətbiqi, Heydər Əliyev Muzeyinin maddi-texniki bazasının yenilənməsi, ev muzeylərinin vəziyyətinin yaxşılaşdırılması və Gülüstan, Gəmiqaya və Arpaçay qoruqlarının qorunması ilə bağlı layihələr də həyata keçirilir.
“Bu işlərin əsas məqsədi tarixi irsi qorumaqla yanaşı, onu müasir texnologiyalar vasitəsilə cəmiyyətə təqdim etməkdir. Əcəmi Naxçıvaninin yaratdığı irsin qorunması ilə yanaşı, uşaq musiqi və incəsənət məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi də gələcək nəsillərin mədəni inkişafına xidmət edir”, – deyə Məmməd Hüseynli vurğulayıb.
O əlavə edib ki, sadalanan layihələrin bir qismi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.








