Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

14 Avqust 2026

2025-ci ilin dövlət büdcəsində “Kənd təsərrüfatı” sektoru üzrə 5 icraçı təşkilat tərəfindən 7 proqram üzrə 30 tədbirin həyata keçirilməsi üçün 1 milyard 156,5 milyon manat məbləğində vəsait (əvvəlki illə müqayisədə 46,1 milyon manat və ya 3,8 faiz az) proqnozlaşdırılıb, icraçı təşkilatların sifarişləri əsasında 1 milyard 120,9 milyon manat (96,9 faizi) və ya proqnozda nəzərdə tutulduğundan 35,6 milyon manat az vəsait ayrılıb və tam həcmdə istifadə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, proqnozlaşdırılan vəsaitin 3 faizi və ya 34,7 milyon manat bölüşdürülməmiş vəsait kimi nəzərdə tutulub və 32,4 milyon manatı istifadə olunub.

Sektor üzrə istifadə olunmuş vəsaitin 48,2 faizi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və strukturuna daxil olan qurumlar (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi), 48,1 faizi isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs tərəfindən icra olunan tədbirlərin payına düşüb.

Monitorinqin nəticələrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim edilmiş 2025-2028-ci illər üzrə sektor strateji plana daxil olan proqramlar üzrə müəyyən olunmuş strateji hədəflərə qismən nail olunub və nəticələr üzrə orta statistik icra göstəricisi qənaətbəxş səviyyədə olub.