Naxçıvanın iqtisadi imkanları: Perspektivlər nələr vəd edir?

Naxçıvanın iqtisadi imkanları: Perspektivlər nələr vəd edir? - Xüsusi müsahibə

24 Dekabr 2024

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibə verib.

Naxçıvan Muxtar Respublikasının iqtisadi imkanları, gələcək perspektivlər və əldə edilmiş nəticələr barədə professor Vüsal Qasımlı ilə həmsöhbət olduq.

Müsahibəni təqdim edirik:

Sual: Prezident İlham Əliyevin 5 dekabr 2024-cü il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılıb. Naxçıvan Sənaye Parkının yaradılması regionun iqtisadi inkişafına necə təsir göstərəcək?

Sənaye parkları istər investisiya cəlbediciliyi, istər yeni iş yerləri yaratmaqla yerli iqtisadiyyatı canlandırır. Bununla yanaşı, yerli məhsulların xarici bazarlara ixracını asanlaşdırmaqla ölkənin ticarət balansını gücləndirir. Naxçıvan Sənaye Parkının yaradılması regionun iqtisadi diversifikasiyasına töhfə verəcək. Region kənd təsərrüfatı və yüngül sənaye, qida sənayesi və tikinti materialları kimi sahələrdə böyük potensiala malikdir. Sənaye parkının yaradılması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məqsədlərə xidmət edəcək.

Yeni sənaye parkının ərazisi 310 hektar müəyyənləşdirilib ki, bu da sahibkarlar üçün geniş imkanlar açır. Sənaye Parkının fəaliyyətə başlaması ölkədə qeyri-neft-qaz sənayesi məhsullarının istehsalının artmasına, ixrac fəaliyyətinin genişlənməsinə və ən əsası, bölgədə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və kadr potensialının formalaşmasına töhfə verəcək.
Ölkəmizdə mövcud digər sənaye parklarında olduğu kimi Naxçıvan Sənaye Parkında da sahibkarlar üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, Parkın rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, elektrik enerjisi, su, kanalizasiya, fiber-optik internet şəbəkəsi, daxili avtomobil yolları) təmin ediləcək, qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və yaxud mənfəət vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunacaq. Bu da regionda sahibkarlıq fəaliyyətinin inkişafına böyük töhfə verəcək.

Sual: Avrasiya yaşıl enerji xəritəsinin formalaşmasında Azərbaycanın rolu və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası kimi inkişaf potensialını necə qiymətləndirirsiniz?

Ölkəmiz Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji tərəfdaş kimi çıxış edir və bu çərçivədə bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir. Bunu Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonalarının inkişafı, Avropa ilə strateji enerji tərəfdaşlığı və COP29 kimi qlobal tədbir çərçivəsində atılmış addımlar bir daha sübut edir.

“Elektrik enerjisi istehsalının və ixracının artırılması” Dövlət Proqramında nəzərdə tutulmuş prioritet istiqamətlərdən biridir. Bu prioritet çərçivəsində NMR-da yaşıl enerji zonasının yaradılması, xarici ölkələrə birbaşa elektrik enerjisi ixracının həyata keçirilməsi, elektrik enerjisinin ixracı məqsədilə tezlik tənzimlənməsinin Türkiyənin enerji sistemi vasitəsilə aparılması, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ENTSO-E (Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyası) şəbəkəsinə qoşulması və Yeni enerji dəhlizinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçəcək hissəsində müvafiq infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Naxçıvanın coğrafi mövqeyi və iqlimi də alternativ enerji mənbələrinin inkişafı üçün əlverişlidir. Məsələn, bölgə günəşli günlərin sayına görə Azərbaycanda lider mövqedədir, illik günəşli saatların sayı 2500-3000 saat təşkil edir. Ötən il Şərur rayonunda gücü 8 MVt olan Günəş Elektrik Stansiyasının ərazisində yeni 3 MVt gücündə Günəş Elektrik Stansiyası istismara verilməklə, günəş elektrik stansiyalarının ümumi gücü 39 MVt-a, illik istehsal olunan günəş enerjisinin miqdarı 58,5 milyon kVt·st-a çatdırılıb. Bundan əlavə,  Culfa və Ordubad rayonlarında küləyin orta illik sürəti 7-8 m/s təşkil edir. Bu da külək turbinlərinin quraşdırılması üçün ideal şərait yaradır. Dağlıq ərazilər güclü və stabil külək axınlarına malikdir.

Araz çayı və Naxçıvanın dağ çayları hidroenerji üçün böyük potensiala malikdir. Araz çayı üzərində gücü 15.6 meqavat olan Tivi və gücü 36 meqavat olan Ordubad SES-ları bu istiqamətdə əsas layihələrdəndir.
Məsələyə ümumi yanaşsaq görürük ki, Azərbaycan 3 yaşıl enerji dəhlizinin reallaşdırılması istiqamətində ciddi addımlar atır. 

* “Azərbaycan - Türkiyə - Avropa Yaşıl Enerji Dəhlizi”

* “Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi”

* “Azərbaycan- Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi”

“Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsi ilə ilkin mərhələdə 4 QVt “yaşıl enerji” Qara dənizin dibi ilə çəkilən HVDC kabelləri (yüksək gərginlikli sabit cərəyan kabelləri) ilə Avropaya ixrac ediləcək. 2022-ci ilin dekabr ayından “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalanıb və qərargahı Buxarest şəhərində yerləşən Birgə Müəssisə yaradılıb. 2025-ci ildən etibarən sözügedən dəhlizin reallaşdırılması ilə bağlı proseslərə başlanılacaq. Bu dəhlizin enerji təminatı üçün “Masdar” şirkəti ilə 6 QVt, “Fortescue Future Industries” (FFI) şirkəti ilə 10 QVt, “ACWA Power” şirkəti ilə 1,5 QVt həcmlərində külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb.

“Azərbaycan - Türkiyə - Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsi ilə işağaldan azad edilmiş ərazilərimizdən və Naxçıvandan 1000 MVt-dan çox enerjinin Türkiyəyə və Avropaya ixracı hədəflənir.

Bilirsiniz ki, 2023-cü ildə Azərbaycanın uğurlarının bariz nümunələrindən biri də 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlinin qoyulması oldu. Yarımstansiyanın tikintisi olduqca əhəmiyyətli hadisədir, ona görə ki, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək mümkün olacaq. Bu həm də ölkəmizin enerji ixrac imkanlarını artırmaqla, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək imkanı yaradır.

“Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” - Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində əməkdaşlığın güclənməsinə xidmət edəcəkdir. Artıq bu dəhlizin reallaşması istiqamətində mühüm addım atılıb. COP29 çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş” imzalanıb və  Səudiyyə Ərəbistanının bu üçtərəfli layihəyə mühüm tərəfdaş kimi qoşulmasını təmin edən sənədlər qəbul olunub.

Şübhəsiz ki, “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” reallaşdığı təqdirdə “Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması imkanı da yaranacaq. Qeyd edək ki, Azərbaycanda 2027-ci ilədək 2 QVt həcmində “yaşıl enerji” istehsalına 2,8 milyard ABŞ dolları həcmində  yerli və xarici investisiya qoyulması proqnozlaşdırılır.

Vurğulanmalı məqamlardan biri də odur ki, Dövlət Proqramında hədəflənən əsas tapşırıqlardan biri Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının dövlət–özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə həyata keçirilməsidir. Bununla bağlı cənab Prezident tərəfindən 2024-cü il 23 dekabr tarixli Sərəncam imzalanıb. Sərəncama görə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti beynəlxalq təcrübə nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılması, məsləhətçi şirkətlərin cəlb edilməsi, texniki iqtisadi əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanması və layihənin həyata keçirilməsi ilə bağlı təkliflərin təqdim edilməsi tapşırığı verilib.

Sərəncamda istilik elektrik stansiyasının Naxçıvan Muxtar Respublikasının enerji sisteminə qoşulması, enerji sisteminin tənzimlənməsi və Naxçıvan Muxtar Respublikasının daxili tələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlı təkliflərin hazırlanması da nəzərdə tutulub.

Sərəncamda qeyd olunan tapşırıqlar Dövlət Proqramında nəzərdə tutulmuş dövlət–özəl tərəfdaşlığı ilə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, Xarici ölkələrə birbaşa elektrik enerjisi ixracının həyata keçirilməsi, Yeni generasiya güclərinin enerji sisteminə etibarlı inteqrasiyası üçün infrastrukturun qurulması hədəflərinə çatılması prosesini daha da sürətləndirəcək.

Qeyd olunan məsələlər region və ölkə üçün bir sıra strateji üstünlüklər yaradacaq.

İlk öncə, enerji müstəqilliyi və təhlükəsizliyi - Naxçıvanın daxili enerji tələbatının ödənilməsi idxaldan asılılığın azaldılmasını təmin edəcək.

İstehsal edilən elektrik enerjisi xarici bazarlara, xüsusilə Türkiyə və İrana ixrac imkanlarını genişləndirəcək.

Dövlət-Özəl Tərəfdaşlığı və investisiya cəlbi - Dövlət və özəl sektorun birgə iştirakı yeni enerji layihələrinin həyata keçirilməsini sürətləndirəcək və iqtisadiyyata əlavə investisiya cəlbinə şərait yaradacaq.
Günəş, külək və hidroenerji potensialının reallaşdırılması ekoloji dayanıqlılığı təmin edəcək və yaşıl enerji siyasətini gücləndirəcək.

Enerji layihələri Naxçıvanın tranzit və logistika mərkəzinə çevrilməsinə töhfə verəcək.

Sual: Naxçıvanın ixrac potensialının artırılması üçün hansı iqtisadi təkliflər irəli sürülə bilər?

Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə ərazi ticarət və ticarət qovşağı kimi inkişaf etdiriləcək. Belə ki, üç ölkə ilə sərhəd zonada yerləşməsi Naxçıvan Muxtar Respublikasına ticarət qovşağı, xüsusilə malların təkrar ixracı (paylaşdırılması) yeri və ya sərhədyanı bazar kimi istifadə üçün əlverişli şərait yaradır.
“İxracyönlü sənayenin inkişafı” Dövlət Proqramında nəzərdə tutulmuş hədəfdir. Bu prioritet çərçivəsində Naxçıvan Muxtar Respublikasında dövlətin sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirakı nəzərdə tutulur.
Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlaması, Naxçıvan Muxtar Respublikasında Sənaye Parkı yaradılması sənaye məhsullarının istehsalında və xarici bazarlara ixracında böyük rol oynayacaq. Təbii ki, regionda mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları bir az da genişləndirmiş olur. Məsələn, bölgədə dərindən tədqiq olunmasına ehtiyac olan 100-dən çox filiz və 80-dən çox qeyri-filiz yataq təzahürləri mövcuddur. (Mis, molibden, qurğuşun, qızıl, gümüş və s.). 250-dən çox mineral su mövcuddur ki, bu da Azərbayacanın mineral su ehtiyatının 60%-ni təşkil edir.  Naxçıvan-Süst duz yatağında 90 milyon ton duz ehtiyatı vardır. Əlavə NMR-da Nehrəm və Şəkərabad Qoşadizə duz yataqları mövcuddur. Bu yataqlarda 1,2 milyard ton duz olduğu proqnozlaşdırılır. Ölkə üzrə daşduz yataqları yalnız NMR-da mövcuddur.

Proqramda da qeyd olunduğu kimi, bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi, onların brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi, o cümlədən meyvə qurularının istehsalı və ixracı kimi məsələlər diqqətdə saxlanılır. 2024-cü ilin iyul-sentyabr aylarında Naxçıvanda kənd təsərrüfatı məhsullarının emalı üzrə 6 layihəyə 450 000.0 manat və kənd təsərrüfatı yönümlü 16 layihəyə 519 000.0 manat olmaqla, ümumilikdə 22 layihəyə 969 000.0 manat dövlət maliyyə dəstəyi göstərilib. Bununla yanaşı, hazırda "Orqanik Naxçıvan" publik hüquqi şəxsinin yaradılması istiqamətində işlər aparılır ki, bu da müvafiq sahənin inkişafına öz töhvəsini verəcək.

Əvvəldə də qeyd etdiyimiz kimi, Türkiyə ilə quru sərhədin mövcudluğu, həmçinin Azərbaycan–Türkiyə–Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi imkanı Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalı və ixracı potensialını artırır, bu isə ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Türkiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarını və alternativlərini genişləndirəcək.

Sual: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təhlillərində Naxçıvanla bağlı hansı müsbət artım və irəliləyişlər var?

Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi İİTKM tərəfindən rüblük və illik əsasda həyata keçirilir. 2024-cü ilin 3-cü rüb monitorinq hesabatına nəzər salsaq, Dövlət Proqramının 2023-2024-cü illər üzrə təfsilatlı tədbirlər planının icrası ilə əlaqədar bir sıra vacib işlərin həyata keçirildiyini görürük.

Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında qeyd olunan prioritetlərdən “Əlverişli biznes mühitinin yaradılması” cəlb olunacaq investisiyaların artırılması və sahibkarlığın inkişafına stimullaşdırılması cəhətdən xüsusi əhəmiyyətə malikdir. Bu prioritet istiqaməti üzrə 2024-cü ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasında 37 investisiya layihəsinin maliyyələşdirilməsinə 2.4 milyon manatdan çox güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 141 yeni iş yerinin açılması imkanı yaranıb.
Regionda infrastrukturun inkişafı iqtisadi artımın sürətləndirilməsi və regionlara əlçatanlığın yaxşılaşdırılması cəhətdən əhəmiyyət kəsb edir. İnfrastruktur təminatının inkişafı istiqamətində Sədərək Qaz Ölçmə və Təzyiq Tənzimləmə stansiyası üzrə tikinti işlərinin 85%-i icra edilib.

Əhalinin həyat səviyyəsini yüksəldilməsi və rifahını artırılması məqsədilə sosial sektorun inkişafı istiqamətində sosial cəhətdən həssas kateqoriyadan olan işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb olunması məqsədilə 464 nəfər aktivlərlə təmin olunub.

İdarəetmə səmərəliliyinin artırılması və mövcud hüquqi bazanı gücləndirilməsi Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında bəhs olunan vacib sahələrdəndir. Buna müvafiq olaraq, “İnstitusional inkişaf” prioriteti istiqamətində 27 fevral 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad və Şərur şəhərlərində, 24 iyul 2024-cü il tarixində isə Babək şəhərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin açılışı həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin balansında olan xidmət mərkəzlərində yerləşən ümumilikdə, 1922 779.93 manat dəyərində qeyri-yaşayış sahəsi, mehmanxana və digər dövlət əmlaklarının özəlləşdirilməsi həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu üzrə baş tutmuş müsahibələr nəticəsində, ümumilikdə 44 nəfər inzibati vəzifələrə təyin edilib. Dövlət orqanlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi məqsədilə yaradılmış Rəqəmsal Sənəd Dövriyyəsi Altsisteminə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 qurumun qoşulması təmin edilib. Beləliklə, sözügedən altsistemə qoşulmuş qurumların sayı 58-ə çatdırılıb.

Mövcud ekosistemin qorunması və dayanıqlı inkişafa töhfə vermək məqsədilə “Ətraf mühitin mühafizəsinin gücləndirilməsi” prioriteti istiqamətində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 iyul tarixli 342 nömrəli Qərarı qəbul edilib. Qərara əsasən, yalnız elektrikli mühərriklə hərəkətə gətirilən avtobuslar üçün idxal tarif dərəcəsi 2025-ci il yanvarın 1-dək 0% müəyyən olunmuşdur (əvvəl 15% təşkil edirdi).

Elektrik enerjisinin istehsal və ixracının artırılması ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi gəlirliliyin artırılması və regional enerji bazarında strateji mövqeyin möhkəmləndirilməsi cəhətləri nəzərə alındıqda xüsusi əhəmiyyət kəsb edir. Buna müvafiq olaraq, elektrik enerjisi istehsalının və ixracının artırılması istiqamətində 23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” imzalanıb. Sözügedən Sərəncamda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlət–özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə beynəlxalq təcrübə nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılması, məsləhətçi şirkətlərin cəlb edilməsi, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanması və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

Müsahibə üçün çox sağ olun!

Müsahibəni hazırladı:

Mətin KAMAL