
NDU Avropa standartlarına uyğunlaşdırılacaq - İlhamə Cəfərli
Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə Azərbaycan Böyük Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədri İlhamə Cəfərli "NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibə verib.
O bildirib ki, assosiasiyanın əsas məqsədi universitetləri və tədris təşkilatlarını Avropa standartlarına uyğunlaşdırmaqdır:
“Azərbaycan Böyük Britaniya Peşəkarlar Assosiasiyasını yaratdıqdan sonra mənim məqsədim buradakı tədris, təşkilatları, universitetləri Avropa standartlarına uyğunlaşdırmaq idi. Assosiasiya körpü rolunu oynayacaq və çatışmazlıqlar olan sahələrdə əməkdaşlıq müqavilələri bağlanacaq. Bununla da Naxçıvan Dövlət Universiteti və digər universitetlərin Avropa standartlarına uyğunlaşdırılması təmin ediləcək”, – deyə İlhamə Cəfərli vurğulayıb.
Gənclərin potensialını yüksək qiymətləndirən o, tələbələrin ideya və innovativ təşəbbüslərinə dəstək verməyin vacibliyini qeyd edib:
“Azərbaycan çox sürətlə inkişaf edir, düşünürəm bu addımları atmaq üçün indi ən uyğun vaxtdır. Rəhbərlik və istedadlı tələbələr tərəfindən dəstəkləniriksə, inanıram ki, birgə çox böyük nailiyyətlər əldə edərik. Azərbaycan adı artıq təkcə İlhamə Cəfərli ilə yox, İlhamə Cəfərlilərlə tanınacaq”.
Qeyd edək ki, İlhamə Cəfərli 2010-cu ildə Böyük Britaniya Cərrahlarının Kraliyyət Kollecini bitirib, 2012-ci ildən Amerika Cərrahları Kollecinin üzvüdür. Beynəlxalq uşaq cərrahı sertifikatına sahibdir. O, 2017-ci ildən Avropa Uşaq Cərrahları Şurasının, 2022-ci ildən isə İngiltərə Cərrah Qadınlar Cəmiyyətinin mentorudur.
İlhamə Cəfərli tanınmış cərrah Cabbar Cəfərovun nəvəsi, botanika alimi, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın qızıdır.
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı