NDU-da “Elektronika və proqramlaşdırma” sərgisi keçirilib -

NDU-da “Elektronika və proqramlaşdırma” sərgisi keçirilib - FOTO

24 Dekabr 2025

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində tələbələrin təşəbbüsü və iştirakı ilə “Elektronika və proqramlaşdırma” adlı sərgi təşkil olunub. Tədbirdə universitetin rektoru Elbrus İsayev iştirak edərək fakültə tələbələrinin istifadəsi üçün STEAM və İnnovasiya Mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. O, tələbələrə təqdim olunan texnoloji imkanların dəyərləndirilməsinin vacibliyini vurğulayıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, rektor çıxışında universitetin “yaşıl enerji” zonası elan olunduğunu bildirib və bununla yanaşı, yaxın gələcəkdə Texnologiyalar parkının yaradılması istiqamətində görülən işlərdən bəhs edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasını xatırladan rektor fakültə kollektivinə qarşıdakı dövrdə daha innovativ və fəal fəaliyyət göstərmələri ilə bağlı tövsiyələrini verib.

Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov sərgidə tələbələrin fərdi və komanda şəklində hazırladıqları layihələrin təqdim olunduğunu bildirib. Ekologiya, energetika və proqramlaşdırma sahələrini əhatə edən 35-dən artıq layihə sərgilənib. Tələbələrin sərbəst düşüncə və yaradıcı yanaşmalarını əks etdirən bu layihələr maraqla qarşılanıb.

Sərgi tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirmək baxımından əhəmiyyətli platforma olub.