Sədərək rayon Sədərək kəndində açıq hava idman qurğuları istifadəyə verilib - FOTO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ardıcıl şəkildə davam etdirilir. Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq Sədərək rayon Sədərək kəndində yerləşən ərazidə sadə tipli açıq hava idman qurğuları sakinlərin istifadəsinə verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dekabrın 24-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə yeni istifadəyə verilmiş idman qurğularına baxış keçirərək yaradılan şəraitlə yaxından tanış olublar.
Baxış zamanı idmanla məşğul olan yeniyetmə və gənclərlə söhbət edən rəsmi şəxslər avadanlıqlardan təhlükəsiz və düzgün istifadənin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu cür məkanlar gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların fiziki aktivliyinin artırılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Qeyd olunub ki, dövlətimizin həyata keçirdiyi bu cür layihələr əhalinin sağlamlığının qorunmasına, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasına yönəlmiş addımların tərkib hissəsidir. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.
Quraşdırma aparılan hər bir ərazidə 12 dəst müxtəlif funksiyalı trenajor aləti, eləcə də skamyalar və tullantı qabları mövcuddur. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bu avadanlıqlar fiziki hazırlığın yüksəldilməsi, əzələlərin möhkəmləndirilməsi və müxtəlif məşq proqramlarının icrası üçün geniş imkanlar yaradır.











