Batabat yaylağında dağ cığırları əsasında piyada marşrutları nişanlanaraq istifadəyə verilib -

Batabat yaylağında dağ cığırları əsasında piyada marşrutları nişanlanaraq istifadəyə verilib - FOTO

24 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı və ekoturizm potensialından səmərəli istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.  Həyata keçirilən tədbirlər çərçivəsində Şahbuz rayonu ərazisində yeni dağ-cığırları əsaslı piyada marşrutları nişanlanaraq istifadəyə verilib. Layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın 8.5.2.2.3-cü bəndində qeyd edilən “Dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) yaradılması” tədbirinin icrasına uyğun olaraq reallaşdırılıb. Marşrutlar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisini əhatə etməklə, bölgənin təbiət potensialının turizm məqsədilə səmərəli istifadəsini təmin edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni yaradılmış marşrutlara Biçənək – Zorbulaq, Aşağı Batabat gölü – Zorbulaq, eləcə də onların əksi istiqamətləri olan Zorbulaq – Biçənək və Zorbulaq – Aşağı Batabat gölü piyada yolları daxildir. Bu marşrutlar həm yerli, həm də xarici turistlər üçün dağ və göl mənzərələri ilə zəngin, ekoloji baxımdan təmiz istiqamətlər təqdim edir.

Biçənək – Zorbulaq marşrutu

Bu marşrut  Şahbuz rayonu ərazisində, Akademik H.Əliyev adına Zəngəzur Milli Parkının hüdudlarında yerləşir. Ümumi uzunluğu 6.9 km olan bu marşrut həm meşəlik, həm də dağlıq əraziləri əhatə edir. Marşrut Biçənək kəndinin yuxarı hissəsində yerləşdirilən informasiya lövhəsinin sağ tərəfində yerləşən geniş torpaq avtomobil yolu ilə başlayır. Təxminən 2.7 km məsafə qət etdikdən sonra bu yol asfalt avtomobil yolu ilə kəsişmə nöqtəsinə çatır. Bu hissəyə qədər marşrut əsasən meşə landşaftı ilə uzanır. Yol boyunca iki yerdə bulaq var və yaxınlığında daha bir bulaq olan düşərgə ərazisi mövcuddur ki, bu da istirahət etmək və su ehtiyacını qarşılamaq üçün əlverişlidir. Marşrut üzərində yerləşən Fərhad evi, bu istiqamətin ən maraqlı dayanacaqlarından biridir. Fərhad evindən sonra marşrut sol istiqamətdə davam edir və hərbi hissəyə çatdıqdan sonra Yuxarı Batabat gölünün mənzərəsi görünməyə başlayır. Yolun sonu Yuxarı Batabat gölünün sahilinə çıxır və bu nöqtədə marşrut başa çatır. Ümumi yürüş müddəti 2 saat 45 dəqiqə təşkil edir.

Aşağı Batabat gölü – Zorbulaq marşrutu

Ümumi uzunluğu 2,3 km olan marşrut Şahbuz rayonu ərazisində, Akademik H.Əliyev adına Zəngəzur Milli Parkının hüdudları daxilində, Batabat yaylağının ərazisində yerləşir. Yürüş zamanı Aşağı və Yuxarı Batabat gölləri, zəngin flora və fauna müşahidə olunur.  Aşağı Batabat gölündən başlayaraq Zorbulağa qədər uzanan istiqamət boyunca yürüş həvəskarları əsrarəngiz dağ mənzərələri, təmiz hava və müxtəlif bitki növlərini müşahidə edə bilirlər. Yürüşün ümumi müddəti təxminən 50 dəqiqə təşkil edir.

Yeni piyada marşrutlarının istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasında ekoturizm potensialından səmərəli istifadənin artırılması, bölgənin təbiətinin tanıdılması və yerli turizm infrastrukturunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Layihə həm regionun təbiətinin tanıdılmasına, həm də yerli icmaların turizm gəlirlərinin artmasına xidmət edir. Zəngəzur Milli Parkının unikal təbiət mənzərələri ilə tanış olmaq, təmiz hava və sakit mühitdə istirahət etmək istəyən hər bir ziyarətçi üçün bu marşrutlar ideal şərait yaradır.