Məktəblilər üçün ingilis dili imtahanlarına qeydiyyat elan edilir
Məktəblilər üçün “A2 Key/A2 Key for schools” və “B1 Preliminary/ B1 Preliminary for schools” imtahanlarına qeydiyyat elan edilir.
Dövlət İmtahan Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, imtahan 2026-cı il yanvarın 31-də Mərkəzin Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq.
İmtahan qeydiyyat yanvarın 26-dək aparılacaq.
“B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. Bu imtahan oxu (45 dəqiqə), yazı (45 dəqiqə), dinləmə (35 dəqiqə), danışıq (14 dəqiqə) bölmələrindən ibarətdir.
“A2 Key/A2 Key for Schools” kvalifikasiyasını almaqla isə namizəd sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir. Bu imtahan da dörd bölmədən ibarətdir: oxu və yazı (ümumilikdə 1 saat), dinləmə (30 dəqiqə), danışıq (12 dəqiqə)
Qeyd edək ki, hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.
İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.
Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla Dövlət İmtahan Mərkəzinin müvafiq səhifəsindən tanış olmaq mümkündür.








