Naxçıvanda məktəblilərlə növbəti maarifləndirici tədbirlər keçirilib - FOTO
Naxçıvan şəhərində və rayonlarında yerləşən bir neçə ümumtəhsil məktəbində narkomaniyaya qarşı mübarizə, internet resurslarından düzgün, təhlükəsiz istifadə qaydaları barədə şagirdlərlə profilaktik görüşlər təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşlərdə çıxış edən polis əməkdaşları şagirdlərə narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyət üçün yaratdığı təhlükələr, narkomaniyanın ağır fəsadları və bu sahədə aparılan profilaktik və əməliyyat-axtarış tədbirləri diqqətə çatdırılıb. Şagirdlərə sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti və narkotiklərlə bağlı hüquqi məsuliyyət barədə ətraflı məlumat veriblər.
Tədbir zamanı şagirdlərə kiber dələduzluq halları, bu sahədə ən çox rast gəlinən üsullar, eləcə də həmin cinayətlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən mübarizə tədbirləri barədə də məlumatlar verilib.
Eyni zamanda, şagirdlərin internet resurslarından düzgün, təhlükəsiz və məsuliyyətli istifadə etmələrinin vacibliyi vurğulanıb, sosial şəbəkələrdə şəxsi məlumatların qorunması, şübhəli link və mesajlardan uzaq durmaqla bağlı tövsiyələr verilib.
Sonda mövzuya dair hazırlanmış videoçarxlar nümayiş etdirilib, real həyat nümunələri əsasında müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Həmçinin tədbirlər zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərin sualları cavablandırılıb, Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib.











