Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib -

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib - FOTO, VİDEO

19 Dekabr 2025

Dekabrın 19-da Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və media subyektlərinin nümayəndələrinin iştirakı ilə cari ilin yekunlarına dair seminar keçirilib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasına uyğun olaraq cari ildə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

"Media və Kommunikasiya" sahəsində seminarda Müdafiə Nazirliyi tərəfindən kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər, vətəndaş müraciətlərinin cavablandırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, hərbi təhsil sisteminin təşkili, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları ilə bağlı brifinqlər təqdim edilib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov tədbirdə çıxış edərək bildirib ki, Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı ictimaiyyətin operativ qaydada məlumatlandırılması məqsədilə cari ildə nazirliyin rəsmi veb-səhifəsində (www.mod.gov.az) Azərbaycan, rus və ingilis dillərində 700-dək məlumat yerləşdirilib, nazirliyin rəsmi feysbuk səhifəsində 1330-dan, teleqramda 1050-dən, instaqramda 1300-dən, "X"-də isə 800-dən artıq paylaşım edilib.  

Nazirliyin rəsmi internet səhifəsində hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 3200-dək foto və 240-dan artıq video material yerləşdirilib.

2025-ci il ərzində “Azərbaycan Ordusu” qəzetinin 90, "Azərbaycan Ordusu" qəzetinin xüsusi buraxılışı olan “Sipər” jurnalının isə 4 nömrəsi dərc edilib.

Həftənin 5 günü internet üzərindən yayımlanan Ordunun Səsi Radiosunun bu günədək 79 canlı efiri olub.

Cari ildə media nümayəndələrindən Azərbaycan, rus və ingilis dillərində daxil olan 20-dək sorğu cavablandırılıb, çəkilişlə bağlı daxil olan 370-dən çox müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri köməklik göstərilib. 

İctimaiyyətin dəqiq, dolğun və operativ məlumatlandırılması, media ilə işin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinə, nazirliyin idarə və xidmət, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə, işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrə mediaturlar təşkil olunub. Media-turlar çərçivəsində hərbi qulluqçularla görüşən jurnalistlər onlardan müsahibələr alıb, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili, sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə tanış olublar.

Hesabat dövründə kommunikasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə hərbi və dövlət qulluqçuları xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak ediblər.

Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq qərarına əsasən, vətəndaşların ayda bir dəfədən az olmayaraq, əvvəlcədən tərtib edilmiş qəbul siyahısına əsasən, qabaqcadan bildirilən günlərdə və saatlarda Baş İdarə, İdarə rəisləri və ya digər vəzifəli şəxslər tərəfindən qəbulu təşkil olunub. 

Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsinə və elekton poçt ünvanına 33683, “Qaynar Xətt” nömrələrinə isə 35124 nəfər vətəndaşın müraciəti daxil olub. Daxil olan müraciətlər araşdırılaraq aidiyyəti üzrə müvafiq qaydada istiqamətlər üzrə göndərilib və cavablandırılması təmin edilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən tədbirdə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq 2026-cı ildə də müvafiq tədbirlərin planlı şəkildə həyata keçiriləcəyi diqqətə çatdırılıb.