Şərur rayonunda yeni avtomat meteoroloji stansiya quraşdırılıb - FOTO
Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin dəstəyilə Dövlət investisiya layihəsə çərçivəsində Şərur rayonunda avtomat meteoroloji stansiyanın quraşdırılıb. Avtomat stansiyanın quraşdırılmasında əsas məqsəd hidrometeoroloji müşahidələrin operativliyi və fasiləsizliyini təmin etməkdən ibarətdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, avtomat stansiyanın təchiz olunduğu müasir sensorlar vasitəsilə havanın faktiki vəziyyəti, küləyin sürət və istiqaməti, havanın temperaturu, atmosfer təzyiqi, rütubətlilik, yağıntının miqdarı və intensivliyi, qar örtüyünün hündürlüyü haqqında fasiləsiz olaraq əldə olunan müşahidə məlumatları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi tərəfindən Rəqəmsal Ekologiya İnformasiya Sisteminə (REİS) inteqrasiya edilir.
Bu məlumatlar meteo.az saytında və mobil tətbiqində öz əksini tapır.
Qeyd edək ki, son illərdə bütün dünyada olduğu kimi ölkə ərazisində də təhlükəli hidrometeoroloji hadisələrin intensivliyi və əhatə dairəsi artıb. İqlimlə əlaqəli fəlakətlər artdıqca, Erkən Xəbərdarlıq Sisteminin əhəmiyyəti də artır. Müşahidə olunan intensiv yağıntılar, dolu və sel hadisələrinin statistikası iqlim dəyişmələrinin təzahürüdür. Təhlükəli hidrometeoroloji hadisələrlə bağlı verilən proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması məqsədilə hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması və müasir avadanlıqlarla təchiz olunması vacibdir.










