NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib -

NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib - FOTO

30 Yanvar 2026

Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirdiyi brifinqdə universitetin 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair geniş təqdimatla çıxış edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, rektor bildirib ki, 2025-ci il NDU üçün uğurlar, yeniliklər və mühüm nailiyyətlərlə yadda qalıb. İl ərzində təhsil keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, startap və innovasiya layihələrinin reallaşdırılması, eləcə də sosial-mədəni sahədə mühüm nəticələr əldə olunub.

Qeyd olunub ki, tələbə qəbulu zamanı yüksək bal toplayan abituriyentlərin sayı əhəmiyyətli dərəcədə artıb. 600–700 bal intervalında nəticə göstərən tələbələrin sayı 41-dən 152-yə yüksəlib, 500-dən yuxarı bal toplayan tələbələrin sayı isə 402 nəfər təşkil edib. Dövlət sifarişi ilə qəbul olunan tələbələrin payı 49 faizə çatdırılıb. Yüksək göstəricilərə malik tələbələr üçün xüsusi universitet təqaüdləri təsis edilib.

2024/2025-ci tədris ilində universitet tarixində rekord məzun göstəricisi qeydə alınıb. Bu dövrdə 1645 bakalavr, 230 magistrant və 21 rezident məzun olub. Minlərlə tələbə yerli və xarici müəssisələrdə istehsalat və pedaqoji təcrübələrə cəlb edilib, Türkiyənin nüfuzlu universitetlərində yay təcrübə proqramları təşkil olunub.

Rektor bildirib ki, əcnəbi tələbələrin qəbulu üzrə ölkələrin sayı 22-yə çatdırılıb və NDU 1800 əcnəbi tələbə ilə bu sahədə ölkə liderliyini qoruyub saxlayıb. Tədrisi ingilis dilində aparılan ixtisasların sayı artırılıb, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində əcnəbi tələbələr qəbul olunub.

2025-ci ildə universitetdə Süni İntellekt, Dayanıqlı İnkişaf, İnnovasiya, İnkluziv Təhsil, Ömürboyu Təhsil və Futurologiya mərkəzləri yaradılıb. Konservatoriyada Elektron Filarmoniya – LOLA sistemi istifadəyə verilib.

Elmi fəaliyyət sahəsində də rekord nəticələr əldə edilib. İl ərzində 3000-dən çox elmi nəşr qeydə alınıb, yüzlərlə məqalə Scopus və Web of Science bazalı nüfuzlu jurnallarda dərc olunub. Beynəlxalq elektron kitabxana platformalarına çıxış təmin edilib.

Beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra nüfuzlu universitetlərlə ikili diplom proqramları həyata keçirilib, NDU “GreenMetric” beynəlxalq reytinqində dünya üzrə ilk 700 universitet sırasında yer alıb. Universitet TÜRKÜNİB-ə üzv seçilib və ORHUN mübadilə proqramına qoşulub.

Sosial və mədəni sahədə də mühüm tədbirlər reallaşdırılıb, simfonik konsert proqramları, elmi-musiqili layihələr və tanınmış beynəlxalq alimlərin iştirakı ilə görüşlər təşkil edilib. Karyera sərgiləri nəticəsində yüzlərlə gəncin işlə təmin olunmasına şərait yaradılıb.

Brifinqin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.