
Nehrəm qəsəbəsində torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün yeni infrastruktur qurulur - FOTO
Babək rayonunun Nehrəm qəsəbəsində torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Araz çayından qidalanan nasos stansiyaları və təzyiqli boru xətlərinin tikintisinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində diametri 1220 millimetr, qalınlığı 12 millimetr olan borular 3 kilometr, qalınlığı 10 millimetr olan borular isə 2340 metr məsafəyə boşaldılıb. Boru xətti üçün ümumilikdə 16 kilometr uzunluğunda trassa hazırlanıb.
Relyefin mürəkkəb olması nəzərə alınaraq, texnikanın hərəkəti üçün 6–8 metr enində yollar salınıb, dərələr doldurulub, bəzi təpələr isə kəsilib. Əraziyə lazımi izolyasiya və qaynaq materialları gətirilib, 13 birləşmədən ibarət 169 metr uzunluğunda qaynaq işləri görülüb.
Hazırda ikinci nasos stansiyasının və həcmi 1500 kubmetr olan su anbarının yerləşəcəyi sahədə qazıntı işləri davam etdirilir.