
Naxçıvanlı karateçilər ölkə çempionatında uğur qazanıblar - FOTO
13–14 sentyabr 2025-ci il tarixlərində Abşeron Olimpiya İdman Kompleksində şotokan karate üslubu üzrə XXXIII ölkə çempionatı keçirilib. Yarışda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Qazax, Şəki, Ucar, Lənkəran, Salyan, Naxçıvan Muxtar Respublikası və digər regionlardan 30-a yaxın klubun tərkibində 400-ə qədər idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, muxtar respublikanı yarışda “Naxçıvan” Karate Klubundan baş məşqçi Taryel Bağırovun rəhbərliyi ilə 6 idmançı təmsil edib, nəticədə 1 qızıl və 3 gümüş medal qazanmağa müvəffəq olublar.
İdmançılardan ən yaxşı nəticə Fatimə Bağırzadəyə məxsus olub. 10–11 yaş qızlar arasında -36 kq çəki dərəcəsində çıxış edən Fatimə 1-ci yeri tutaraq qızıl medal qazanıb. Klubun digər üzvlərindən Elgün Zeynalov (16–17 yaş, -68 kq çəki), Güllər Hüseynova (14–15 yaş, +61 kq) və Sona Nəcəfbəyli (8–9 yaş, -28 kq) gümüş medal əldə ediblər.