Naxçıvanda könüllülər üçün təşkil olunan beş günlük təlim başa çatıb -

Naxçıvanda könüllülər üçün təşkil olunan beş günlük təlim başa çatıb - FOTO

12 Sentyabr 2025

Sentyabrın 12-də Naxçıvan şəhərində “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Şəxsi İnkişaf Həftəsi” uğurla başa çatıb. Proqramın sonuncu günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşı Aslan Səfərov gənclərə “Sosial şəbəkələr və şəxsi brend: Effektiv start” mövzusunda sessiya təqdim edib. Təlimdə iştirakçılar şəxsi brendin formalaşdırılması, sosial mediada düzgün mövqe tutmağın yolları, müasir kommunikasiya imkanlarından səmərəli istifadə və rəqəmsal mühitdə effektiv fəaliyyət istiqamətləri barədə ətraflı bilgilər əldə ediblər. Sessiyada gəncləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı şəkildə cavablandırılıb, müvafiq tövsiyələr verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sonda təşkilatçı qurum rəhbərlərinin iştirakı ilə gənclərlə görüş keçirilib. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov gənclərin şəxsi inkişafı istiqamətində görülən işlər barədə danışıb, gənclərin peşə və karyera imkanlarının artırılması amilinin nazirlik üçün daim aktuallıq təşkil etdiyini diqqətə çatdırıb. Nazir müavini effektivliyin artırılması baxımından Naxçıvanda və Bakıda fəaliyyət göstərən təcrübəli təlimçilərin bu işə cəlb olunduğunu, nəticədə daha bacarıqlı, işgüzar gənclərin formalaşdırılmasına güclü təkan verildiyini deyib.  

Təlimlərin gənclər üçün faydalı olacağına inamını ifadə edən “Naxçıvan Təlim Mərkəzi” PHŞ İdarə Heyətinin sədri Bəhruz Nəzərov mövzu seçimi zamanı aktuallıq və faydalılıq prinsipinin əsas götürüldüyünü, o cümlədən təlimçi qismində öz sahələrində uğurlu karyerası, böyük təcrübəsi olan şəxslərə üstünlük verildiyini diqqətə çatdırıb. O, Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində bundan sonra da müxtəlif sahələri əhatə edən təlimlərin keçirilə biləcəyini vurğulayıb, gənclərə fəal və aktiv iştiraka görə təşəkkür edib.  

Çıxışların ardınca rəsmilər “Gənclərin Şəxsi İnkişaf Həftəsi” təlim proqramının iştirakçılarına sertifikat təqdim ediblər. Sonda xatirə şəkli çəkdirilib.