
Məcid Seyidov Naxçıvanda Qalatasaray futbol məktəbində olub - FOTO
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov “Naxçıvan Qalatarasay futbol məktəbi”nin məşqçi və idmançı heyəti ilə görüşüb, hazırki qayğıları və gələcək planları ilə maraqlanıb. Görüş sentyabrın 10-u məşqlərin keçirildiyi Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) minifutbol meydançasında reallaşıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Məcid Seyidov uşaqları salamlayaraq ölkəmizdə, o cümlədən onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında idmana göstərilən dövlət qayğısından bəhs edib, kütləviliyi və populyarlığı ilə seçilən futbolun sağlamlığa faydaları və karyera imkanları barədə fikirlərini bölüşüb. Ölkəmizdə bu sahənin inkişafı baxımından uşaq futbolu faktorunun önəminə toxunan nazir müavini gözləntilərin yüksək olduğunu vurğulayıb. Əlavə olunub ki, Naxçıvanda uşaq futbolunun inkişafı istiqamətində müəyyən dönəmlərdə strategiyalar hazırlanıb, işlər görülüb. Ölkə və beynəlxalq səviyyəli turnirlər, məşqçi kursları, sosial aksiyalar təşkil olunub və hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.
Məcid Seyidov əlavə edib ki, araşdırmalara əsasən son bir neçə ildə ölkədə fəaliyyət göstərən peşəkar klub və akademiyalara Naxçıvandan 20-ə yaxın azyaşlı idmançı cəlb olunub. Bu, xüsusən, məşqçilərin gərgin əməyinin nəticəsidir. Nazirliyin bu baxımdan səylərini davam etdirdiyini və daim istedadlı futbolçulara karyera yolunda dəstək olduğunu deyən Məcid Seyidov Qalatasaray məktəbindəki uşaqların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün lazımi addımların atılacağını diqqətə çatdırıb.
“Naxçıvan Qalatarasay futbol məktəbi”nin direktoru və baş məqşçisi Çingiz Qurbanov diqqətə görə minnətdarlıq edərək məlumat verib ki, bu ilin mart ayında klubun akademiyasından gələn nümayəndələrin iştirakı ilə məktəb rəsmi olaraq fəaliyyətə başlayıb. Məktəbə 4 yaşdan 15 yaşadək uşaqların qəbulu həyata keçirilir. Hazırda 3 qrup üzrə ümumilikdə 43 uşaq məşqlərdə iştirak edir. Ötən dövr ərzində komandalarımız Türkiyənin İstanbul, Qazientep və Yalova şəhərlərində təşkil olunan turnirlərdə iştirak edib, uğurlu nəticələr qazanılıb. Əlavə olunub ki, məktəbin uşaqları üçün uğurlu gələcək baxımından ən önəmli nüans Qalatasarayın aşağı yaş qruplarından ibarət komandalarında çıxış etmək şansının olmasıdır. Bunun üçün müxtəlif vaxtlarda keçirilən seçimlərdən keçmək lazımdır.