
Gənc könüllülər bu dəfə layihələrin idarə edilməsini öyrəndilər - FOTO
Sentyabrın 11-də Naxçıvan şəhərində “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin Şəxsi İnkişaf Həftəsi”nin dördüncü günü çərçivəsində növbəti təlim keçirilib. Gənclər “Layihələrin idarə edilməsi” mövzusunda biliklərə yiyələniblər. Təlim Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucovanın təqdimatında baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlim iki hissədən ibarət olub. Birinci hissədə iştirakçılara layihələrin hazırlanması və icrası prosesinin əsas mərhələləri, məqsədlərin müəyyənləşdirilməsi, resursların idarə edilməsi, komanda işinin təşkili və nəzarət mexanizmləri barədə nəzəri bilgilər çatdırılıb. İkinci hissədə isə könüllülər öyrəndikləri nəzəri bilikləri interaktiv yarışmada tətbiq ediblər. Gənclər qruplara ayrılaraq seçdikləri mövzular üzrə layihələr hazırlayıb təqdim ediblər. Sonda ən yaxşı layihəni təqdim edən komandaya hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Gənclərin Şəxsi İnkişaf Həftəsi” çərçivəsində sonuncu təlim sentyabrın 12-də baş tutacaq və iştirakçılara sertifikatlar təqdim ediləcək.