
Ceyhun Bayramov Damyan Yoviçi qəbul edib
Azərbaycan və Serbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviçi qəbul edib.
Görüş zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında liderlərarası təmasların oynadığı rolun vacibliyi vurğulanıb. Münasibətlərin əsasında duran bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin əhəmiyyəti qeyd olunub.
Ceyhun Bayramovun ötən il Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxışı məmnunluqla xatırlanıb.
Tərəflər iki ölkə arasında müxtəlif, o cümlədən enerji, müdafiə, humanitar, təhsil və s. istiqamətlər üzrə əməkdaşlıq barədə müzakirələr aparıblar.
Diplomatik akademiyalar arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.
Görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə də fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Serbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya tərəfdən isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.