
Naxçıvanda xüsusi kateqoriyadan olan 7 uşaq orta ixtisas, 25-i isə ali təhsil müəssisəsinə qəbul olunub - FOTO
Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan xüsusi kateqoriyadan olan uşaqlarla görüş keçirilib.
Bu il muxtar respublikanın ümumi təhsil müəssisələrini bitirən 1 şəhid övladı, 24 sağlamlıq imkanları məhdud, 7 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum şagird tələbə adını qazanıb. Ümumilikdə 32 nəfərdən 7-si orta ixtisas, 25-i isə ali təhsil müəssisəsinə qəbul olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova abituriyentləri təbrik edib, ölkədə uşaq və gənclərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uşaq-gənclər siyasəti nəticəsində bu kateqoriyadan olan uşaqların sosial müdafiəsi gücləndirilib, onların cəmiyyətə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüslərinin isə uşaqların hərtərəfli inkişafına mühüm töhfələr verdiyi qeyd olunub.
Komitə sədri əlavə edib ki, hazırda muxtar respublikada 85 valideyn himayəsindən məhrum və 2079 sağlamlıq imkanları məhdud uşaq vardır. Onların hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Komitənin sədr müavini Aytən Məmmədova da çıxış edərək tələbələri təbrik edib, uğurlar arzulayıb. Tədbirdə himayədar Əliyeva Nahidə İsgəndər qızı, tələbələrdən Abdinova Səriyə Hafiz qızı və Nağıyev Turan Orxan oğlu da çıxış edərək göstərilən qayğıya görə dövlətə minnətdarlıqlarını bildiriblər.
Sonda abituriyentlərə Komitə tərəfindən hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.