“Yay düşərgəsi”nin fəal iştirakçılarına diplomlar təqdim olunub -

“Yay düşərgəsi”nin fəal iştirakçılarına diplomlar təqdim olunub - FOTO

11 Sentyabr 2025

Sentyabrın 11-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə xüsusi kateqoriyadan olan 29 nəfər uşağın iştirak etdiyi 3 günlük “Zəfər yolunun davamçıları” adlı “Yay düşərgəsi” başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan tədbirin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva bildirib ki, düşərgə müddətində uşaqlar üçün yaradılan şərait onların bilik və bacarıqlarının inkişafına, eyni zamanda komanda ruhunda fəaliyyət göstərmələrinə geniş imkan yaradıb.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Günel Nur isə çıxışında qeyd edib ki, Şura bu cür layihələr vasitəsilə uşaqların asudə vaxtlarının mənalı təşkili və sosial inkişafının dəstəklənməsinə çalışır.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Bahar Həsənli də çıxış edərək yay düşərgəsinin uşaqlar üçün əhəmiyyətindən danışıb.

Tədbirdə təşkilatçılar tərəfindən Yay düşərgəsində müxtəlif əyləncəli yarışlarda qalib olan və fəallığı ilə fərqlənən uşaqlar diplomla təltif ediliblər.

Qeyd edək ki, 3 günlük düşərgədə uşaqlar üçün Batabata ekskursiya, konsert, vətənpərvərlik mövzusunda filmlərin nümayişi, idman yarışları, maarifləndirici seminarlar, kitab mütaliə saatı və əyləncəli saatlar təşkil edilib.