Ötən ay hərbi sahədə rüşvət alma və rüşvət vermə cinayətləri azalıb

Ötən ay hərbi sahədə rüşvət alma və rüşvət vermə cinayətləri azalıb

07 Fevral 2025

Ötən ay hərbi sahədə qeydə alınan vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri azalıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev mətbuata açıqlamasında deyib.

O bildirib ki, 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlər 100 faizi açılıb:

"Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrində Əmri icra etməmə, Fərarilik, Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, Maşınları idarəetmə və istismar qaydalarını pozma , Qəsdən sağlamlığa ağır zərər vurma və Qəsdən adam öldürmə cinayətləri qeydə alınmayıb".

Firad Əliyevin sözlərinə görə, görülən qabaqlayıcı tədbirlərin nəticəsində Silahlı Qüvvələrdə 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 77,8%, rüşvət alma və rüşvət vermə cinayətləri isə 31,6% azalıb.